Daha öz yurdumuza gedəcəyik

Cəbrayıldan olan jurnalistlərin sevinci nəyə desən dəyərdi

Seymur Verdizadə: "Əsgərlərimizin ayağının dəydiyi hər yerdə lalələr bitəcək, çiçəklər açacaq"

Feyziyyə Soltanmurad: "Biz anasını istəyən körpə uşaq kimiydik, indi Qarabağ qayıdır deyə hər kəsin üzü gülür"

4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Bu müjdəni Azərbaycan xalqına ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Tvitter” səhifəsində verib. Dövlət başçısı milyonları sevindirən məlumatı “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözləri ilə paylaşıb. Ali Baş Komandan birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin azad olunması münasibətilə təbrik edib. Generallar Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.


Xatırladaq ki, Cəbrayıl şəhəri 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. Nəhayət, Azərbaycan Silahlı Qüvvələri düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayılı yenidən azadlığa qovuşdurublar. 27 il sonra işğaldan azad olunmuş torpaqlarımızda azan səsi eşidilib. Azərbaycanda məşhur olan azan səsi Cəbrayılda səsgücləndiricilərlə səsləndirilib. Cəbrayılın mənfur düşməndən təmizlənməsi xəbəri illərlə qələbə və yurd həsrəti ilə yaşayan Azərbaycan ictimaiyyətinin hədsiz sevincinə səbəb olub. 

Cəbrayıldan olan jurnalist, “yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırımalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə deyib ki, Cəbrayılın işğaldan azad olunması xəbərini ona tanınmış politoloq Mübariz Əhmədoğlu verib. Amma nitqi quruduğu üçün politoloqa təşəkkür edə bilməyib:


“Söz adamı olsam da, ilk dəfəydi danışmağa söz tapmırdım. Bu, doğulduğum gündən bəri aldığım ən şad xəbər idi. Cəbrayıl 1993-cü ilin avqustunda işğal olunsa da, hər gecə Cəbrayıla “gedirdim”. Elə gün olmurdu ki, Cəbrayıl yuxuma girməsin. Mən yuxularımı danışmağı sevən adam deyiləm, ancaq indi etiraf etmək istəyirəm: - yuxularımda hər gecə Cəbrayıla, doğma kəndimizə getsəm də, heç vaxt evimizə yaxınlaşa bilmirdim. Hər dəfə görürdüm ki, evimiz yanır, alov asimana qədər yüksəlib. Və hər dəfə yuxudan ayılanda əlimin arxasıyla göz yaşlarımı silməli olurdum. Azərbaycan əsgəri dəqiq atəşlə o yanğını söndürdü. Dünən yuxuda evimizi əvvəlki görkəmində gördüm; ikimərtəbəli, bağlı-bağatlı...”. 

S.Verdizadə bildirib ki, bu il koronavirus imkan verməsə də, hər yayda ailəlikcə bir həftəlik də olsa, hansısa rayona dincəlməyə gedirmiş: “Azərbaycanın hər bölgəsi əzizdir, doğmadır. Amma bundan sonra öz rayonumuza gedəcəyik. Daha heç vaxt hansısa ağacın kölgəsini pulla almayacağıq. Bizim öz ağacımız olacaq, hətta çoxlu ağaclarımız olacaq. O qədər çox olacaq ki, onun kölgəsində hamımız dincələ biləcəyik... Çox xoşbəxtəm. Qızım bu gün məktəbə gedəndə dedi ki, sinif yoldaşlarımı yayda kəndimizə dəvət edəcəm. Bu hissləri biz cəbrayıllılara yaşatdığına görə Azərbaycan əsgərinə təşəkkür edirəm! Onların ayağının dəydiyi hər yerdə lalələr bitəcək, güllər çiçək açacaq. O güllərlə birlikdə bizim arzularımız da çiçək açacaq...”.
 
Əslən Cəbrayıldan olan gənc yazar Feyziyyə Soltanmurad də “Şərq”ə öz təəssüratlarını bölüşüb. Yazar bildirib ki, məcburi köçkün həyatı yaşamasa da, yurd-yuvasınını qoyub gələn doğmaları qədər içində yurd həsrəti var idi. Vətən coşğusu ona torpağı necə sevməli olduğunu öyrədən valideynlərinin vəfatından sonra misilsiz artıb:

“Düşmən hər dəfə Qarabağın gözəl guşələrində bizə acıq verəndə valideynlərimin də yerinə qəzəblənirdim, onların da yerinə mübarizə aparmaq istəyirdim. Şükürlər olsun ki, qismətdə onların yerinə sevinmək də var imiş. İndi üç ürək daşıyırmışam kimi hər qarış torpağım azad olunanda köksüm yerindən oynayır.

Hər şəhidimiz və dünyadan vətən niskili ilə köçən əzizlərimiz kimi onlar da şaddırlar. Həmişə deyirəm, milli kimliyini, vətən sevgisini anlamayan şəxs insan ola bilməz. Eşq olsun, cəbhədə düşməni yad torpağa göz dikməyinə peşman edən döyüşçülərin, qazilərin, şəhidlərin valideynlərinə. Düşməni od kimi yandıran cəngavərlərin ana-atalarının qarşısında baş əyirəm”.

F.Soltanmurad əlavə edib ki, Qarabağ onlar üçün təkcə tarixi yurd, baba mülkü, ata evi deyildi. Qarabağ böyükdən-kiçiyə hər birinin qüruru, mənliyi, şərəfi və ləyaqətidir:

“Daxili sarsıntılarımızın, aqressiyamızın, küskünlüyümüzün yeganə səbəbi Qarabağ imiş. Həyatımızda baş verən hər neqativ hadisənin mənbəyi alt şüurumuzdakı Qarabağsızlıq dərdiymiş. Biz anasını istəyən körpə uşaq kimiydik, indi Qarabağ qayıdır deyə hər kəsin üzü gülür. Bəlkə də dünyada müharibənin dayanmasından məyus olan yeganə millətik. “Atəşkəs olar, torpaqlar düşməndə qalar” deyə əlimiz ürəyimizin üstündədir. 30 illik atəşkəs göstərdi ki, yadlar vətən sevdalılarının dərdini anlamaz. Bütün dünya bildi ki, bu millətin ürəyinə gedən yol Qarabağdan keçir. Bizimlə dost olmaq istəyən, “Qarabağ Azərbaycandır” deməlidir. Zəfər bizimlədir. Allah Ordumuzu qorusun!”.