Yaddaşlarda yaşayan Adam...


100 gündür ki, savaş bitib, silahlar susub... O haqq savaşından nə qədər qalib kimi çıxsaq da, içimizdəki savaşın cəngində hələ də əlbəyaxayıq... 44 gün yürüdüyümüz yol bizi sonunda haqqın işığına gətirib çıxarsa da, köksümüzü param-parça edən Vətən yaramızı sağaltsa da, hələ bundan 44 il sonra da Zəfər deyəndə qürurlandığımız qədər həm də qəhər boğacaq bizi, yaşadıqlarımız köz kimi, kösöy kimi qovuracaq içimizi. Nələr yaşamadıq, nələr görmədik, nələrə dözmədik, ilahi?!...



Bütövləşmiş, yaraları sağalmış Vətənimizə qovuşduq, amma bu dəfə özümüz yaralı... Xəritəmiz bütövləşdisə də, ruhumuz param-parça oldu... Bayrağımızı ucaldanlar nə qədər uca duyğularını özlərilə bərabər torpağa gömdülər... Bayrağımızla bərabər başımız ucaldısa da, belimiz büküm-büküm oldu, qəddimiz əyildi. Əgər həyat bir teatra bənzəsəydi, o səhnədə parlayan Zəfər sözünün möhtəşəmliyi böyüklükdə, pərdənin arxasında necə acılar, yaşanmamış ömürlər, qönçə ikən solan diləklərin olduğunu görərdik. Adamı yandıran da elə pərdəarxası məqamlardı. Çünki gözgörəti hər şey gülüstana bənzəyir. Vətən cənnətə dönüb... Amma o cənnətə dönən gülüstanlığın altındakı torpaqda dünyalara sığışmayan oğulların dünya boyda ürəklərində bir dünya sevgi, arzu, vüsal həsrəti uyuyur. Səssiz-səssiz, pünhan-pünhan... Qəhrəmanlıq da elə budur. Sonunu düşünmədən son nəfəsinəcən yürümək, özünü qurban, ömrünü fəda etmək... “Mən şəhid olsam da, azad elədiyim Qarabağda yüzlərlə Azərlər doğulacaq. Amma Qarabağı azad etmək boynumuzun borcudur, Qarabağ bir də doğulmayacaq. Vətən sağ olsun!” deyə bilmək və dediyini eləməkdir qəhrəmanlıq...

Qarabağ uzun illər ruhumuzda əzab, yaddaşımızda ağrı, gözümüzdə nisgilli yaş idi...

Bu gün Qarabağ azaddır. Neçə sevdalı gəncin yarımçıq taleyi bahasına... Neçə şahin baxışlı oğulun gözlərinin nuru bahasına...



Artıq Qarabağ yaddaşımızda ağrı deyil. Qarabağ artıq ayaqüstədir, qollarını açıb yolumuzu gözləyir. Ona bu səadəti yaşadan, bu yolda itirdiyi əli, qolu, ayağı, pozulmuş yaddaşının acısına rəğmən “Vətən sağ olsun!” deyən övladların çiynində Qarabağ ayağa qalxıb, ayaqüstə dayanıb.

Yaşadıqlarımız bir tarixdir. Biz onları sadəcə qəhrəman kimi tanıyırıq, nə qəhrəmanlıqlar elədiklərini isə çiyin-çiyinə döyüşdüyü silahdaşlarından öyrənmək istəyirəm. Canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə onların hər birinin danışdıqlarını qələmə alıram.



Müharibənin acısını hələ də canında, düşüncəsində yaşayanlardan biri Qarabağ qazisi, Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçısı, gizir Sərvin Cavadzadədir. Heç kimi xatırlamır Sərvin. Nə atası Talıb kişini, nə onun yolunda özünü qurban deyən anası Məhfuzə xalanı, nə səngərdə olan iki qardaşını…heç öz adını belə… Adıyla ona müraciət edəndə o dediyiniz Sərvin adlı uşaq yanımda şəhid oldu deyir… müharibənin həyatımızdakı ağrılı travmalarından biri də budur – şüuraltı inkar, yaşadıqlarını qəbullanmamaq… Yaddaşını itirmiş, həyata tutunmaq üçün hər gün dünəniylə bu günü arasında düşüncələr burulğanında çabalayan, doğmaca valideynlərinə əmi, xala deyə xitab edən bir adam üçün ən qəribəsi odur ki, döyüş yoldaşlarını, şəhid olanları adbaad dəqiqliklə söyləyir, Sərvin 27 sentyabrdan üzübəri yaşananlarla yaşayır sanki, xatırladığı ən uzaq keçmiş isə döyüşlərdən öncə getdikləri keçdikləri təlimlərdir. “Cəbrayılın Şükürbəyli kəndindəydik. Müharibəyə öz silahımla getməmişdim. Mən snayper idim, silahımı dəyişib getmişdim. Biz posta dəstə ilə qalxmağa çalışanda başladılar bizi minaatanlardan atəşə tutmağa. Yanına minomyot mərmisi düşən bir mayorumuz huşsuz vəziyyətdə qalmışdı. Yoldaşlarım onu çıxaranda mən də arxadan kömək edirdim ki, heç olmasa, onu vurmasınlar. Başladılar minomyot atəşini çoxaltmağa. Səngərlərdə oyuqlar var, özümü oyuqlardan birinə atdıqdan sonra başımın arxasında nəsə hiss etdim. Elə bil dünya dağıldı, təmiz özümü itirmişdim. Bir yoldaşımız məni çıxardı oradan.


Çıxarandan sonra gördüm ki, uşaqlardan birinin də adı ağlıma, dilimə gəlmir. Geyimlərindən bilirdim ki, bizimkilərdir, amma çiyin-çiyinə döyüşdüyüm qardaşlarımın birinin də adı ağlıma gəlmirdi ki, deyim. Adam o an keçirtdiyi hissləri sözlə ifadə edə bilmir. Yaddaşını itirmək yaralanmaqdan, gözünü, əlini, ayağını itirməkdən daha ağır duyğudur. Baxırsan, görürsən, amma xatırlaya bilmirsən ki, kim kimdir. Bir nəfərin üzü mənə tanış gəldi, ona baş verənləri danışıb heç nə xatırlamadığımı dedim. Gözləri doldu, məni qucaqladı, dedi ki, sən bizim fəxrimizsən, narahat olma, gəl səni hospitala yola salaq. Darıxma, hər şey yoluna düşəcək, dedi, məni sakitləşdirməyə çalışdı. Kapitanımız, rəhmətlik Aşur Cəmiyev imiş. “Bu postu azad etmək üçün mənim qardaşlarım can qoyub, şəhid olublar, - dedim, hospitala getməkdən imtina elədim, o cür yaddaşsız vəziyyətdə 13 saat döyüşə davam etdim, Milli Ordunun könüllülərdən ibarət dəstəsi gəlib bizə çatana, postu təhvil alana qədər orada vuruşdum. Oktyabrın 15-i gecə məni məcburən Füzuliyə - Böyük Bəhmənli kəndindəki hospitala apardılar. Mən hospitalda olanda həkimlərin, tibb bacılarının, məndən sonra gətirilən yaralıların söhbətlərini eşidirdim. Orda xəbər tutdum ki, məni hospitala yola salan kapitanımız Cəmiyev Aşur, döyüş yoldaşlarım Yusifli Azər, Yusifzadə Xudayar, Əliyev Malik, Əmirli Tofiq şəhidlik zirvəsinə ucalıb.



Sərvin kimi qapalı kəllə-beyin travması alan, ağır psixoloji sarsıntı içində olan adama müharibədən sual versəm, onun düşdüyü durumu daha da qəlizləşdirə, sinirlərini narahat edərəm, - deyə çox ehtiyatla adlarını çəkəndə köks ötürdüyü, qardaşlarım dediyi döyüş yoldaşları haqqında soruşmaq istəyirəm.

“Yusifzadə Xudayar vardı. Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. Televiziyada gördüm onu, oxuduğu muğamı, səsini vermişdilər efirə, o zaman yadıma düşdü Xudayar. Xoş avazı vardı. Hələ Murov yüksəkliyi uğrunda gedən döyüşlər zamanı “Cənnətim Qarabağ” oxuduğu da yadıma gəlir.



Yusifli Azər var idi – Vətən müharibəsi qəhrəmanı. Dəliqanlı bir adam idi. Müharibədən əvvəl düz üç ay bir yerdə təlimlərdə olmuşduq Azərlə. Biz Daşkəsən tərəflərdə, Niyaldağ istiqamətində təlimlər keçirdik. Bu Azər mərd olduğu qədər həm də dostcanlı idi, hamını düşünürdü, həm də çox tədbirli idi. Biz təlimə gedəndə Azər bir dünya çadır, iki tonluq su çəni, ehtiyat əşya, ocaqlıq, qab, qazan gətirmişdi. Biz o ərazilərdə təlim müddətində çadırlar qurub qalacaqdıq. Komandirimiz heyran qalmışdı Azərin bu hərəkətinə, çünki bu şeyləri hərbi zastava özü eləməli olduğu halda Azər heç bir tapşırıq almadan özü könüllü eləmişdi. Komandirimiz dedi ki: Ay Azər, maşallah, kəndinizdə toy çadırı qalmayıb, toy qazanı qoymamısan, nə var hamısını gətirmisən ki yoldaşlarına. Güldü. Hamımız gülüşdük... Gözünün içindən gülməyi vardı Azərin. Mən də zarafatla dedim ki, Azər, kəndinizdə toy olsa, neyliyəcəklər bəs? Toy üçün nə varsa, hamısı bizdədi. “A sağolmuş, dedi, pandemiya vaxtıdı dedi, kənddə nə toy? Kimdi ilin, günün bu vaxtı kənddə toy eləyən? Dostum Arif var, ondan xahiş elədim çadırları, dedi qurbandı sizə. Qalanları da öz evimizinki, qohum-əqrəbamınkılardı. Bax, bacım, o söhbətlərimiz, o yoldaşlarım, təlimlərimiz hamısı kino lenti kimi gözümün önündən getmir”.


Sərvin ağır travma alıb, dörd aydır ki, yaddaşsızlıqdan əziyyət çəkir, yuxularında ancaq müharibəni, döyüş yoldaşlarını görür. Onu daha çox yormağa qıymıram. Söhbət əsnasında çəkdiyi adlar doğma gəlir mənə, bu adları bir neçə gün öncə həmsöhbət olduğum Vətən müharibəsi iştirakçısı, Dövlət Sərhəd Xidmətinin baş giziri Cavidan Səfərovdan da eşitmişəm. Sərvindən eşitdiklərimi onunla bölüşmək istəyirəm, palatasına yaxınlaşıram. Tibb bacısı gülərüzlə qarşımda dayanır: “Xanım, əməliyyatdan yenicə çıxıb Cavidan, anesteziyanın təsirindən hələ ayıla bilmir. Bütün əməliyyat vaxtı Tofiq, Azər, Daşqın, Şahin, nə qədər adlar çağırıb, çığırıb. Bir az olar ki, palataya köçürmüşük. Anası da burdadı...”

Nurani bir ananın qarşısında dayanıram, Cavidana və bütün qardaşlarıma şəfa diləyirəm, özümü təqdim edirəm. Ananın gözlərindən yaş bulaq kimi qaynayır. Qızım, o sənin şəhid qardaşını mən çox yaxşı tanıyıram. Cavidanın gündüz dilindən düşmür, gecələr yuxularından çıxmır Azər. Cavidan hər onun haqqında danışanda, Ana, kaş, mən şəhid olardım, o elə yaşamalı oğuluydu, deyir...” (Ananı qəhər boğur, ağlayır...)

Ana torpağın analarımızın gözündən su içdiyi bəsdi daha... Bəzən adam o qədər dolur ki, içindəki burulğanı sözə çevirməyə aciz qalır.

*****

Heç gözümdən getmir o mənzərə. Azərin komandiri Fərhad Həşimovla söhbətimizdə hönkür-hönkür ağlamışdı Fərhad bəy. “Qızım, mən övladını itirmiş Ata kimiyəm. Bir oğul gedəndə bir kənd, bir el, bir oba o itkini həzm eliyə bilmir. Görün, mən nə dözümlü atayam. İllərdi necə böyük arzularla, gələcəyinə necə böyük inamla yetişdirdiyim əsgərimi, igid oğlumu itirmişəm. Yoldaşlarından ötrü düşünmədən özünü ölümün ağuşuna atan Adam... Yaşasaydı, bilirsizmi, nələr edəcəkdi?! Nələrə qadir bir oğul idi... Şəhidlik ən uca məqamdır, amma adamı yandıran Azər keyfiyyətdə, Azər ləyaqətdə bir oğulun bir namərd gülləyə qurban getməyidi... Son aylarda danışıqlarımızda bu sözü tez-tez işlədirdi ki, “Biz yolunda qurban olmalıyıq ki, Vətən yaşasın, komutan!”

Bəli, Azər özünü Vətən yolunda fədakarlıqla qurban etdi.

Bir döyüş yoldaşı, sərhəd xidmətinin kəşfiyyatçı zabiti danışır ki, “Biz gecə vaxtı mühasirəyə düşmüşdük. Bizim bütün qrupu son nəfərimizəcən həmin gecə mühasirədən Azər çıxartdı. Çox yüksək bir mövqeyə çıxdı, özünü, bütün həyatını təhlükəyə atdı, amma bizi xilas etdi. Qrantamyotu kürəyində yüksək bir mövqeyə çıxdı, həmin o qalxdığı yüksəklikdən düşmən mövqeyini vurdu. Çox dəqiq hesablamaları vardı Azərin. Həm də heç kəsin getməyəcəyi məqamlarda riskə gedirdi. Özünü həmişə təhlükənin, odun içinə atırdı. Həmin gecə bu an kimi yaddaşımdadı. Azər o qalxdığı yüksəklikdən düşmən mövqeyini vurmasaydı, elə ordaca bizim hamımızı - bir batalyon uşağı öldürəcəkdilər. Biz Azərin atəşi nəticəsində həmin mühasirədə qaldığımız yerdən çıxdıq, mövqe aldıq. Mövqedən də biz həmlə edirdik sola tərəf. Həmin yerdə mən dedim ki, Azər, hamı çıxdı, gəl biz də çıxaq sola, buranı vururlar. Dedi ki, sən çıx, mən burda döyüşəcəm. Dedim, Azər, bura əlverişsizdir, vuracaqlar buranı. Çox inadkarlıqla döyüşürdü. Siz çıxın, - dedi. Mən burda döyüşəcəm. Ayağından tutdum, çəkdim, bir az da ərklə hündürdən dedim ki, gəl burdan çıxaq, soldan irəliləyəcəyik. Birtəhər Azəri ordan çıxartdım. Ondan bir gün sonra yenə hücumdan qayıtmışdıq, mövqe götürüb qayıtmışdıq. Birdən gözüm sataşdı ki, Azərin gözlərinin içi qıpqırmızı qan çanağına dönüb, yuxusuz idi, neçə gündü bir dəqiqə də olsun gözünü yumub yuxu yatmırdı. Dedim, Azər, qardaş, neçə ki, sakitlikdi, bir az istirahət elə, gözlərindən qan damır. Elə bu vaxt qəfildən ayaqlarına baxdım ki, Azərin şalvarı deşik-deşik qəlpə yaralarıdı. Necə möhkəm, dözümlü insan idi, ilahi. O cür yaralı-yaralı döyüşüb, bir kəlmə “of” da deməyib. Uşaqlarla yoxladıq ki, neçə yerdən qəlpə yaraları alıb ayağı. Dedim, Azər, başına dönüm sənin, bir az gözlə özünü, sən çox risk eliyirsən. Onda dedi ki, “kəlmeyi-şəhadət”imi demişəm, şəhadət gətirmişəm, mən şəhid olacam. Qucaqladım, sıxdım ürəyimə, amma qəhər məni boğdu, heç nə deyə bilmədim...”

“Gözündə zərrə qədər də olsun qorxu yox idi. Gözüyumulu, heç fikirləşmədən özünü hamıdan qabaq ölümə verirdi. Dəhşətli məqamlarda riskə getməyi vardı. Həmişə bir sözü var idi Azərin. Deyirdi ki, həyatda özün üçün yaşamağa nə var ki?! Əsas odu ki, başqalarını yaşadasan. Azər başqalarını yaşatmaq üçün öz həyatını düşünmədən qurban verdi. Fədakar insan idi, olduqca fədakar idi. Dəfələrlə öz həyatı bahasına mühasirəyə düşən döyüş yoldaşlarımızın həyatını xilas etmişdi. Mərd, cəsur bir qardaş idi. Yorulmaz idi. RPQ atırdı, neçə kilometrlərlə Azər kürəyində daşıyırdı qrantamyotu. Heç vaxt özündən aralı qoymazdı. Hətta bir dəfə uşaqlara demişdi ki, mən şəhid olacam, mən şəhid olanda məzar daşıma RPQ-nin şəklini həkk eləyərlər, bunun çox əziyyətini çəkmişəm.

Azərin şəhadətə yüksəldiyi son döyüş ən çətin döyüşlərimizdən idi. Təsəvvür edin, arada heç bir məsafə yox idi, qarşı-qarşıya, sanki əlbəyaxa döyüş gedirdi. Al-qanın içindəydi, bir addım geri çəkilmirdi, yaralı-yaralı döyüşürdü. Yoldaşlar istədi ki, Azəri çıxartsınlar. Çünki dəhşətli dərəcədə qan itirirdi. Mənim yanıma gəlməyin, deyib qışqırdı, mənə yaxınlaşmayın, sizi də vuracaqlar. Son anında belə bizi – yoldaşlarını qorumağa çalışırdı. Son anında belə özü haqqında düşünmədi, ən sonda bizə qışqırdı ki, Mirağanı götürün, Mirağanı çıxardın. Adam yıxılanda bir geri səndirləyər, geri yıxılar. Azər son nəfəsində belə al qanın içində irəliyə doğru getdi, irəliyə yıxıldı… Son nəfəsində də irəliləmək üçün mücadilə edirdi, imkan vermirdi ki, onu meydandan çıxardaq. Təsəvvür edin, təkcə sonuncu aldığı nəfəsə qədər yox, Azər sonuncu gülləsinə qədər döyüşmüşdü, darağı bomboş boşaltmışdı…

Silahdaşından Azərin son məqamları haqqında bu sözləri eşidəndə sanki beynimdə ildırım çaxdı. O mənzərəni nəinki gözümdə canlandırdım, hətta bütün varlığımla ruhumla, yaşadım o anı… və burda özüm üçün qeyri-adi bir məqamı kəşf elədim… Vurulduğu - Şəhadətə ucaldığı an arxaya yox, önə doğru - irəli yıxılır, son nəfəsində də heç olmasa boyu bərabərində torpağa Azadlıq toxumu səpmək üçün niyyətlənir Azər. Vətənin boyu bərabərində torpağını da yağı tapdağından azad edəndən sonra uğruna can verdiyi torpağa – bayrağını ucaltdığı göylərə qovuşur Azər...

*****

Zaman keçəcək... Sağalmasa da, heç olmasa, üzü bir az qaysaq bağlayacaq yaralarımızın... Sərvinin yaddaşı özünə qayıdacaq, Cavidan sağalacaq, Natiqin dili söz tutacaq, nitqi düzələcək, danışa biləcək...

İllərdi qapısı bağlı qalmış Qarabağa həyat qayıdacaq... Qarabağın qara bəxtinə Günəş doğacaq... və bu məmləkət Qarabağın səmasında parlayan o Günəşin üzündəki qara buludu dağıdan Azərləri, Yüksəlləri, Tofiqləri, Məmmədəliləri, Aşurları... heç zaman unutmayacaq! Onları min-min rəhmətlə ürəklərdə anacaq, əziz xatirələrini yaddaşlarda yaşadacaqlar...

Yastığı Vətən daşı
Yorğanı qar olanlar…
Qalxdığı ucalıqda
Xudaya yar olanlar…
Vətən boyda ürəyi
Köksündə daşıyanlar…
Şəhadətə ucalıb
Əbədi yaşayanlar…
Dillərə dastan olub
Şanlı tarix yazanlar…
Alnımızın ləkəsin
Damğasını pozanlar…
Yalanları uçurub
Həqiqət yaradanlar…
Ruhu göylərə uçub
Ucaltdığı bayraqla
Göylərdə yaşayanlar…

Nur içində uyu, Göylər Adamı… Ruhun şad olsun, Azərim! Yaddaşlarda yaşayan Adam... Ölümsüz Adam... Ölməz Adam... Əziz Adam! Doğma Adam… Böyük Adam… Uca Adam… Bayraq Adam… Torpaq Adam…

Xəyalə ZƏRRABQIZI,
Filologiya üzrə fəlsəfə doktoru