Bahaçılığın ilk səbəbi monopoliyadır -İqtisadçıdan sərt tənqid

Kəndli, fermer becərdiyi məhsulu bazara çıxara bilmir, onun qarşısını kəsirlər

“Təsəvvür edin ki, kəndli ev təsərrüfatından yığdığı təzə lobyanın kiloqramını  yerində 50 qəpiyə satır, hətta satmağa çalışır, amma həmin lobya paytaxtda 2 manata təklif olunur”
 

 Avqustun ortasıdır, pomidor, xiyarın qiymətləri isə az qala ətin qiymətinə yaxınlaşıb. Marketlərdə ən bahalı tərəvəz hazırda pomidor və xiyardır. “Muço” sortu pomidorun kiloqramı 4 manat 69 qəpik, Şəmkir pomidoru 3,65-dir. Ucuz olan təkcə Xaçmaz pomidorudur ki, qiyməti 1 manat – 0.99 qəpik arası dəyişir, amma nə yeyilməyə yarayır, nə də qış tədarükünə. Xaçmaz pomidorunu hətta 80-50 qəpiyə təklif edən satış məntəqələri də var. Amma nə fayda? Kimsə onlara pul verib almır. Çünki keyfiyyətsizdir. Xiyarın qiyməti isə lap “ceyran beli”nə qalxıb. Yelpənək sortu xiyarın qiyməti son günlərdə bir qədər enərək 1 manat 30, 1 manat 50 qəpik olub. Bir müddət əvvəlsə qiymət 2 manatdan da yuxarı idi. Bibərin qiyməti də fontan “vurur” – 1 manat 29 qəpik civarındadır. “Melit” xiyarı isə 1 manatdan aşağı deyil, yüksəkdir. Şaftalı 2-40 – 1. 20 arası, üzüm1 manatdan 2 manatadək, armud 2 manatdır.  Bu, 11 iqlim qurşağından 9-nun mövcud olduğu, barlı-bərəkətli sandığımız ölkəmizdə mövsüm meyvə-tərəvəzinin qiymətləridir.

 İqtisadçı Fuad İbrahimov "Sherg.az"a meyvə-tərəvəzin bahalığının bir deyil, bir neçə səbəbi olduğunu dedi:

- Səbəblər çoxdur. İlk növbədə monopoliyanı göstərməliyik. İllərdir bu problem qabardılır, deyilir. Kəndli, fermer becərdiyi məhsulu bazara çıxara bilmir. Onun qarşısını kəsirlər. Hamı bilir ki, kəndli becərdiyi məhsulu sahədən çox ucuz qiymətə satmaq məcburiyyətində qalır. Kəndliyə məhsulunu bazarda satması üçün heç bir köməklik göstərilmir. Dəfələrlə xəbər verilir ki, kəndlilərin məhsulu bostanda qalıb çürüyür, alverçilər ucuz qiymət qoyur, onların xərci borclarını ödəmir. Meyvə-tərəvəz yetişdirmək asan deyil. Xüsusən indiki zamanda. Toxumun alınması, şitil yetişdirmək, xəstəliklərə qarşı dərmanlama, suvarma, məhsulun toplanması, satış məntəqələrinə daşınması, bazarın diktə etdiyi qiymətlər... bunların heç biri kəndliyə, fermerə sərf etmir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən düzgün istiqamət də verilmir, planlama aparılmır. Hansı məhsul əkilsin, hansına tələbat daha artıqdır, becərildikdən sonra məhsul harada satılacaq, hansı qiymətə satılacaq? Bu məsələlər ciddi şəkildə planlaşdırılmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sektoru belə yönləndirilir. Dəymiş hər hansı ziyana görə də fermerlərə kompensasiya ödənir. Fermerdən asılı olmayan səbəblər ola bilər. Yağıntılar, hava dəyişkənliyi, qlobal iqlim dəyişmələri, iqlimin mövsümə uyğun olmaması və sair. Bunlar hamısı nəzərə alınmalıdır. Qabaqlayıcı tədbirlər görülməlidir. Məhsulun vaxtında yetişməsi, zərər dəyməməsi üçün görüləcək konkret tədbirlər var. Bununla ziyanın qarşısını müəyyən qədər almaq olur.

 Bahalığa gəlincə, F.İbrahimov bunun ümumi qiymət artımı fonunda baş verdiyini də qeyd etdi:
- Ümumilikdə ərzaq məhsullarının qiymətində bahalaşma baş verib. Nəqliyyat xərcləri, daşınma xərcləri artıb. Dünənədək maşınlar rayondan məhsulu Bakıya tutaq ki, 5 manata gətirirdisə, indi 15 manata gətirir. Bazar da qiymətləri qaldırır. Marketlər ümumiyyətlə, razılaşdırılmış qiymət siyasəti yürüdür. Hansısa market qiyməti digərindən ucuz təklif etmir. Bir-biriylə razılığa gəlib sövdələşmə aparırlar ki, pomidorun qiymətini deyək ki, 4manat 40 qəpikdən aşağı təyin etməyəcəklər. Hansı marketə daxil olsanız, təxminən eyni qiymət görərsiniz, arada 1-2 qəpik fərq ola bilər. Bazarda da alverçilər hökmranlıq edirlər. Birinci əldən ucuz alıb baha satırlar. Ziyan yenə də kəndliyə və əhaliyə dəyir.

 F.İbrahimov bildirdi ki, əslində, hazırda pomidor, xiyarın, meyvələrin bol olmalı mövsümüdür, çünki yığım qapalı – parniklərdə deyil, açıq sahələrdə - birbaşa bostanda aparılır:
- Birbaşa bostandan toplanan məhsul da şəhərə gəlib çatdıqda ikiqat qiymət artımına məruz qalır. Təsəvvür edin ki, kəndli ev təsərrüfatından yığdığı təzə lobyanın kiloqramını  yerində 50 qəpiyə satır, hətta satmağa çalışır, amma həmin lobya paytaxtda 2 manata təklif olunur. Daşınma xərclərini əlavə etsək də, qiymət bu həddə olmamalıdır. Lakin monopoliya imkan vermir.