Təhlükə hələ də qalır: “Revanşist qüvvələr və rus sülhməramlıları...”


“Avropa ölkələri, ABŞ və digər həmsədrlər bölgədə nəzarətin məhz Rusiyanın inhisarında olmasını istəmirlər”

“Rəsmi Moskva isə nəzarəti öz əlində saxlamağa çalışır”

“Nə qədər ki, Xankəndi tamamilə Azərbaycanın nəzarətinə keçmir orada təhdid dolu məqamlar davam edəcək”





Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Putin və Paşinyan 10 noyabr üçtərəfli bəyanatının, eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər. Ermənistan hər zaman olduğu kimi nala-mıxa vuraraq vəziyyətdən çıxış yolu axtarır. Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ara Ayvazyanın Moskvada görüşü baş tutdu. Nazirlər üçtərəfli bəyanatın icra olunmasının bütün aspektlərini müzakirə etdilər. Məhz bu görüşdən sonra Putinlə Paşinyan arasındakı telefon danışığında bir məqam diqqəti cəlb etməmiş deyil. Deməli, XİN başçılarının görüşü Ermənistan üçün məhsuldar olmayıb.
Lavrov və Ayvazyanın görüşü barədə Rusiya Xarici işlər Nazirliyindən (XİN) bildirilib:
“Görüşdə hərbi əsirlərin mübadiləsi, humanitar yardım, Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun xətti ilə regionda nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi vurğu edilib”.

Məlum hadisələri “Sherg.az”a dəyərləndirən “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Politoloq Azər Rəşidoğlu deyib ki, Ermənistanda revanş götürmək istəyən qüvvələr var. Həmin qüvvələr ilk növbədə Qarabağ cəbhəsində nəzarəti ələ keçirmək istəyirlər.Analitikin sözlərinə görə, Avropa ölkələri, ABŞ və Minsk qrupunun digər həmsədrləri bölgədə nəzarətin məhz Rusiyanın inhisarında olmasını istəmirlər:

“Bu baxımdan onlar hansısa formada münaqişənin nizamlanmasına cəlb olunmağa cəhd göstərirlər. Rusiya isə nəzarəti öz əlində saxlamağa çalışır. Nə qədər ki, Xankəndi tamamilə Azərbaycanın nəzarətinə keçmir və Qarabağda yaşayan erməni icması ölkəmizin suverenliyi, ərazi bütövlüyünü qəbul edərək Konstitusiyamıza and içməyib, təhdid dolu məqamlar davam edəcək. Əlbəttə ki, bölgədə təhlükə var. Ermənistanda revanşist qüvvələrin təhlükəsi hələ də qalır”.

A.Rəşidoğlunun fikrincə, bölgədə Rusiya sülhməramlılarının olması bizim üçün ciddi təhdiddir:

“Onlar hətta Ermənistandan daha ciddi təhlükə yaradırlar. Ona görə də belə telefon danışıqlarına həssas yanaşmaq lazımdır.
Rəsmi Bakı qısa zamanda öz vətəndaşı olan erməni icması ilə danışıqlara getməlidir.

Bunu Prezident İlham Əliyev də müraciətində deyib. O, qeyd etmişdi ki, Azərbaycan vətəndaşı olan ermən icması əvvəlkindən daha yaxşı yaşayacaq. Bu baxımdan Azərbaycana qarşı hərbi və digər cinayətlərdə iştirak etməyən erməni icması ilə danışıqlara getməliyik.

Əlbəttə ki, yalnız qondarma rejimin rəhbəri Araik Arutunyanla danışıqlar aparmaq mümkün deyil. Çünki o, birbaşa cinayətlərdə iştirak edib. Buna baxmayaraq, rəsmi Bakı bölgədə yaşayan və erməni milliyətindən olan ziyalı icma nümayəndələri ilə danışıq aparmaq istəyir.

Problem müəyyən mənada həll olunsa da, Xankəndidə revanşist qüvvələrin qalması, ən əsası rus sülhməramlıların mövcudluğu bizi əndişəyə salır.

Ona görə də Xankəndini tamamilə Azərbaycanın nəzarətinə götürmək və orada bayrağımızı asmaq lazımdır”.