Torpaq bizimdir, qanun da bizimdir

Ermənilər təxribatlarından əl çəkməlidirlər

Heç kim Azərbaycan ərazisində rus dilinə əlavə status verilməsini tələb edə bilməz


“Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu, manipulyasiya növüdür". Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. “Dağlıq Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. Bildiyiniz kimi, rus dili Azərbaycanda çox geniş istifadə olunur. Azərbaycanda 340-a yaxın rus bölməli məktəb mövcuddur. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var. Onlar rus dilini qadağan edirlər. Bütün dillər kimi, erməni dili də Azərbaycanda qorunacaq”, - deyə dövlət başçısı bildirib.

Prezidentin Qarabağda rəsmi dil məsələsi ilə bağlı çıxışına münasibət bildirən siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, konstitusiyamıza görə, dövlət dilimiz Azərbaycan dilidir. Eyni zamanda ekspert əlavə edib ki, Azərbaycanda yaşayan milli azlıqlar, etnik qrupların nümayəndələri də öz dillərində danışa, onu inkişaf etdirə, hətta  öz dillərində təhsil ala bilərlər:

"Təbii ki, bu məsələdə Azərbaycan vətəndaşı olan ermənilər də istisna deyil. Yəni onlar öz dillərində həm təhsil ala, həm də dillərini yaşada bilərlər. Qeyd edim ki, rus dili Azərbaycanda Sovet dönəmindən miras qalmış və geniş istifadədə olan dillərdəndir. Hətta deyərdim ki, xarici dillərdən birincisidir. Rus dilinə münasibət Azərbaycanda təhkimlidir.

Yəni Ermənistandan fərqli olaraq bu dilə qarşı düşmən münasibət yoxdur. Azərbaycan dövləti istər rus millətindən olan vətəndaşlarımız, istərsə də rus dilini ana dili kimi qəbul edən insanlarımız üçün hər cür şərait yaradıb.

Buna baxmayaraq, Azərbaycanda konstitusiyaya görə, yalnız Azərbaycan dili rəsmi dövlət dili kimi istifadə olunur. Yəni bu dildə bütün rəsmi yazışmalar və dövlət işləri həyata keçirilir. Heç kim başqa bir dildə bu işləri həyata keçirə bilməz, o cümlədən də Xankəndi mərkəz olmaqla Qarabağın kiçik bir hissəsində yaşayan erməni əhalimiz də". 

A.Həsrət əlavə edib ki, ermənilər Azərbaycan ərazisində hansısa xarici dilə, o cümlədən də rus dilinə əlavə üstünlük, status verilməsini də tələb edə bilməzlər:

"Birincisi, ona görə ki, ermənilərin dili erməni dilidir, rus dili deyil. Onlar erməni dilinin qorunması qayğısına qalırlarsa, biz bunu anlayışla qarşılayırıq. Lakin xarici bir dilə əlavə status verilməsi ilə bağlı təşəbbüs irəli sürmələri təbii ki, qəbul edilən deyil. Azərbaycan dövləti də məhz buna uyğun davranmaqdadır.

Ona görə də Qarabağda qalan erməni vətəndaşlarımız ağıllarını başlarına toplamalıdırlar. Yəni onlar Azərbaycanın əsəblərini tarıma çəkməkdən əl çəkməlidirlər. Onsuz da bütün dünya qəbul etdi ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Hətta bu gün orada sülhməramlı kimi yerləşən Rusiya əsgərləri də Azərbaycan ərazisində olduqlarını qəbul edirlər.

Onlar Azərbaycana aid olmayan bir ərazidə olduqlarını iddia etmirlər. Rusiya dövləti sülhməramlılarını da Azərbaycan ərazisinə göndərib. Bu iki dövlət arasında əldə edilən razılaşma bunu bir daha təsdiqləyir. Ona görə də heç kim, o cümlədən də ermənilər hansısa xarici dilə hansısa statusun verilməsi kimi mənasız cəfəng iddialarda olmamalıdırlar.

Azərbaycan dövləti hər zaman dövlət dilini üstün tutur, eyni zamanda xarici dillərin öyrənilməsinin qayğısına qalır. Həmçinin ölkə ərazisində yaşayan milli azlıqların və etnik qrupların nümayəndələrinin də dillərinin istifadəsinə şərait yaradır. Bundan artıq Azərbaycan nə edə bilər?

Bütün dünyanın ən aparıcı demokratiyalarında belə bəzən bu cür məsələlər bizdəki kimi mükəmməl həll edilmir. Ona görə də ermənilər təxribatlardan əl çəkməlidirlər".