Narahatlıq qalır: “Qarabağın bir hissəsi Rusiya nəzarətində...”

“Bu görüş də Azərbaycan suverenliyinin bərpa olunmaması ilə bağlıdır”

“Çox güman ki, danışıqlar zamanı Qarabağa aid məhz bu məsələlər müzakirə olunub”

“Artıq Türkiyə regionun əsas güclərindən biri kimi çıxış edir”

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Bu barədə türkiyəli nazir özünün "Twitter" hesabında məlumat yayıb. Qətərin paytaxtı Dohada keçirilən görüş yarım saata yaxın davam edib.

Türkiyə XİN rəhbəri Suriya məsələsinə aid sabah təşkil olunacaq Türkiyə-Rusiya-Qətər üçtərəfli toplantısının detallarını müzakirə etdikləri bildirib. Görüşdə həmçinin Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi aparılıb. 



Qarabağın yenidən diplomatik müstəvidə müzakirə edilməsini “Sherg.az”a şərh edən politoloq Həsrət Rüstəmov bildirib ki, xüsuilə son bir il ərzində Türkiyənin xarici siyasətində Qarabağ önəmli yer tutur:

“Demək olar ki, regiona aid olan bütün görüşlərdə Türkiyə rəsmiləri Qarabağ məsələsini prioritet olaraq diqqətdə saxlayır. Ona görə də Lavrovla Çavuşoğlunun görüşü bizim üçün mühüm və əhəmiyyətlidir. Hesab edirəm ki, Türkiyənin intensiv siyasəti Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına gətirib çıxaracaq. Əsas narahatlıq hələ də Qarabağın bir hissəsinin Rusiya nəzarəti altında qalması və orada Azərbaycan suverenliyinin bərpa olunmaması ilə bağlıdır. Çox güman ki, danışıqlar zamanı Qarabağa aid məhz bu məsələlər müzakirə olunub”.

H.Rüstəmov artıq Türkiyənin regionun əsas güclərindən biri kimi çıxış etdiyini də diqqətə çatıdırb:

“Bu da bizim üçün çox önəmlidir. Türkiyə və Rusiya təkcə Qafqazda deyil, yaxın Şərqdə-Liviya və Suriyada xarici siyasətlərini razılaşdıraraq həyata keçirirlər. Gələcəkdə Qarabağ məsələsində Türkiyə-Rusiya anlaşması Yaxın Şərq və region daxil olmaqla daha geniş arealda ağlabatan həll yollarına nail olacaq. Bu baxımdan belə görüşləri mühüm hesab edirəm. Fikrimcə, Türkiyə rəsmilərinin səylərinə görə Azərbaycan xalqı olaraq onlara minnətdar olmalıyıq”.