Baş yazarlar səfərdən danışdılar:“O zamankı Ağdam yoxdur” 

Elçin Şıxlı:“Qəbirlərə, məzarlara qədər hamısı dağıdılıb”

Aqil Abbas:“Kəndlərdə heç nə yoxdur, tamamilə məhv edilib”


Martın 13-də bir qrup media orqanı və QHT rəhbəri, bloqerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri baş tutub. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, Ağdamda ermənilərin hərbi istehkamları ilə tanış olublar. Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanışlıq da daxildir.

Media nümayəndələrinin Ağdama səfər Azərbaycan Prezidentinin təşəbbüsü ilə vətəndaş ziyarəti prosesinin başlanğıcı idi. 

“Sherg.az” olaraq səfərdə iştirak edən media kapitanlarının Ağdamla bağlı təəssüratlarını öyrəndik.



“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Ağdamda sonuncu dəfə 27 il yarım öncə olduğunu deyib:

“Həmin gün Ağdamın işğalı günü idi. Saat 3-də oradan çıxmışdıq, artıq 5 də Ağdam işğal olunmuşdu. O zamankı Ağdam yoxdur. Səfər zamanı ordumuzun nə qədər böyük iş gördüyünün şahidi olduq. Ermənilər dünyanın hər bucağında deyirlər ki, “Qarabağ bizimdir”, amma torpaqlarımızda balaca bina belə tikməyiblər. Əksinə hər şeyi darmadağın ediblər. Qəbirlərə, məzarlara qədər hamısı dağıdılıb. Hər kəs bu vəhşiliklərdən xəbərdardır. Sadəcə erməni vandallığının bir daha şahidi olduq. Hələ o ərazilərə qayıtmaq üçün xeyli iş görülməlidir. Çünki torpaqlarımızın hər kvadrat metrində 2-3 mina basdırılıb. Həmin minaların təmizlənməsi ilkin və ən vacib məsələlərdən biridir. Təmizlənmə işləri aparılmalıdır ki, quruculuq prosesinə başlanılsın”.



“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas vurğulayıb ki, media nümayəndələri Ağdama səfərləri zamanı bütün həqiqətləri gözləri ilə gördülər:

“Ağdam işğaldan azad ediləndən sonra orada ikinci dəfə idi olurdum. Kəndlərə də baş çəkdim. Şəxsi maşınımla getmişdim. Kəndlərdə heç nə yoxdur, tamamilə dağıdıblar. Səfər zamanı yadımdan qalan əsas məqam Ağdam azad olunandan sonra minalardan təmizlənmiş ərazilərində taxıl əkməyimiz olub”.