Kapitan Mayis Məmmədov: "Əlimi Allaha açıb, dedim ki..."

"Anam, ailəm, dörd övladım və digər doğmalarım gözüyaşlı qalmadılar"

 "Əsgərim gəlib mənə dedi ki, komandir müharibə bitdi, Ermənistan təslim oldu. Onda əlimi Allaha açıb, dedim: "Şükür sənə, bu günləri görməyi bizə nəsib etdin""


 
44 günlük Vətən müharibəsi Azərbaycanın nəyə qadir olduğunu bir daha sübut etdi. Xalqın duaları, hərbiçilərin əzmkarlığı, vətən sevgisi və gücü sayəsində QALİB ÖLKƏ olduq. Haqq yerini tapdı, doğma torpaqlar düşmən işğalından qurtuldu.

Bu zəfəri Azərbaycan Ali Baş Komandan başda olmaqla, hərbiçi və əsgərlərinə borcludur! Vətən uğrunda neçə-neçə igid övlad şəhidlik zirvəsinə ucaldı! Şanlı Ikinci Qarabağ müharibəsində böyük şücaətlə, mərdliklə vuruşan hərbiçilərdən biri Astara rayonunun Sım kəndinin sakini, coğrafiya müəllimi kapitan Mayis Məmmədovdur. Mayis müəllim öz şərəfli döyüş xatirəsini və düşüncələrini "Sherg.az"la bölüşüb.


- Dünya tarixi üçün yaddaşlarda qalan Ikinci Qarabağ müharibəsində düşmənə qarşı şərəflə vuruşdunuz. Döyüşlər zamanı keçirdiyiniz hiss-həyəcanlardan bir qədər danışardınız...

- Müharibə başlayanda mən bir vətəndaş və zabit kimi döyüşə nə vaxt gedəcəyimi səbirsizliklə gözləyirdim. Sentyabrın 29-u vətən torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirmək üçün döyüşə yollandım. Ağcəbədidədəki N saylı hərbi hissədə 1-ci taborun 1-ci bölük komandiri vəzifəsinə təyin olundum. Hərbi formanı geyinəndə və belə bir vəzifəyə təyin olunanda böyük məsuliyyət daşıdığımı başa düşdüm. Tabeliyimə səfərbərlikdən gələn əsgər və zabitlər verdilər. Üç-dörd gün müddətinə onları silahlandırıb tam komplekləşdirəndən sonra döyüşə yollandıq. Bu artıq ayrı bir səhnə idi. Sözlə ifadə edilməsi çox çətin idi. Qorxub özünü itirmək və ya təşvişə düşmək ölümə bərabər idi. Komandir olduğum üçün bir zabit kimi məsələyə soyuqqanlı yanaşmalıydım. Verilən döyüş tapşırığını minimum itki ilə yerinə yetirmək əsas vəzifələrimizdən idi. Bundan başqa 27 ildən artıq alnımızdakı işğal ləkəsini silmək üçün əlimizə yaxşı fürsət düşmüşdü. Xüsusən, bizim yaşda olanlar bu işğala son vermək üçün daha böyük əzmkarlıq göstərməli idilər. Müharibəni tez bir zamanda qalibiyyətlə başa vurub gələcək nəsillərə əmin - amanlıq sağlamaq istəyirdik. Bunun üçün düşmənə daha çox itki verib onları işğal etdikləri kəndlərimizdən, şəhərlərimizdən qovduqca qələbəyə olan inamımız daha da artır, bu hiss şəxsi heyətdə ruh yüksəkliyi yaradırdı. Düzdür şəhidlərimiz də olurdu. Bu zaman bizim bir vəzifəmiz də canını vətən torpağına fəda edən şəhid olan döyüşçü yoldaşlarımızın qisasını almaq , onların qanları tökülən torpaqları azad etməyi özümüzə borc bilirdik.
Döyüş zamanı arxada bizi gözləyənləri də fikirləşirdik. Onların böyük həyəcanla bizim qələbə ilə sağ-salamat qayıtmağımızı gözlədiklərini bilirdik. Bu hisslər o odun-alovun içində bizə az da olsa təskinlik verirdi.



- Hansı ərazilərdə döyüşürdünüz?

- Biz döyüşlərə Füzulidən Cəbrayıla girəndə başladıq. Cəbrayılın azad olunmasında gedən döyüşlərdə iştirak etdik. Bu zaman biz Hadrutun ətrafındakı yüksəkliyi alıb, yolu təmizlədik. Daha sonra Cəbrayıldan Zəngilana keçib oradan Qubadlıya daxil olduq. Burada da düşmənin müqavimətinə rast gəldik, lakin onları yenədə qaçmağa məcbur etdik. Ağır döyüşlərdən sonra Qubadlı şəhərini azad edilməsində iştirak etdik. Oradan isə Həkəri çayını keçib düşməni sərhədə tərəf qovmağa başladıq. Gorusla sərhəddəki yüksəklikdə çox ağır döyüşlər getdi. Bu döyüşlərdə xeyli döyüşçülərimiz , hətta döyüşlərdə cəsarətlə vuruşan tabor komandiri polkovnik-leytenant Nail Orucov da qəhrəmancasına şəhid oldular, çoxu da minatanların qəlpəsi ilə. Mən özüm də minaatanın dalğasının zərbəsinə məruz qaldım və yüngül kontunziya aldım, yarım saatdan sonra özümə gəldim. Tabor komandiri şəhid olduğuna görə bu vəzifəni müvəqqəti olaraq mənə həvalə etdilər və mən döyüşü davam etdirdim.
Müharibə zəfərlə başa çatana qədər biz həmin ərazilərdə vuruşaraq düşmənin başına Dəmir yumruğu endirib onları iti qovan kimi torpaqlarımızdan qovduq!

- Qələbə qazandığınızı biləndə ilk reaksiyanız necə oldu?

- Qələbə xəbərini gecəyarısı eşitdik. Qubadlı şəhərində yerləşən bölmələrdə avtomat və puleymotlardan açılan atəş səslərini eşidib əlimi tez silahıma atdım. Əvvəlcə elə bildim ki, düşmən ora hücum edib. Sonra isə bizimkilərin sevinclə hay-küy saldıqlarını eşitdim. Sonra isə əsgərim gəlib dedi ki, komandir müharibə bitdi, Ermənistan təslim oldu. Onda əlimi Allaha açıb dedim: "Şükür sənə, bu günləri görməyi bizə nəsib etdin".
Anam, ailəm, dörd övladım və digər doğmalarım gözüyaşlı qalmadılar.



- Qalib hərbiçi kimi doğmalarınızın yanına qayıtmaq və onların sizi qürurla qarşılamaları- bu haqda fikirlərinizi bölüşərdiniz...

- Müharibə başa çatandan sonra əvvəlcə, yəni, noyabrda məni kapitan rütbəsi ilə, dekabrın ortalarında isə medallarla təltif etdilər. Lakin, ən böyük mükafatı isə dekabrın 30-da təxris edilib, rayona daxil olanda bizi böyük coşqu ilə qarşılayan doğmalarımız, el-oba, ümumiyyətlə, xalq verdi. Ağır döyüşlərdən sonra qalib ordunun zabiti kimi gəlib doğmalarınla görüşmək, bu anları ifadə çətindir... Bir yandan alqış sədaları, bir yandan sevinc göz yaşları, bir sözlə bu anı həyəcansız yaşamaq mümkün deyil. Bu xalqımızın orduya olan güvənin, qələbəyə olan inamın əsl ifadəsi idi.
Azərbaycan 44 günlük müharibədə şanlı tarix yazaraq, ədaləti bərpa etdi. Bu dövlət, ordu və xalqın vəhdətinin nəticəsi idi. Biz birlikdə bunu bacardıq!

- Sonda, həm müəllim, həm də Kapitan kimi tövsiyələriniz...

 - Ailə, vətən və dövlət məfhumunun dəyərli və əvəzsiz olduğunu bilmək çox vacibdir. Ona görə də bunları qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq lazımdır.
Ailəsini sevən şəxs vətənini sevib, dövlətinə bağlı olmalıdır. Bunu hər bir vətəndaş dərk edib, bu məsələdə mövqe göstərməlidir - Vətəndaş mövqeyi. Çünki hamımızın xalq , vətən qarşısında unutmamalı olduğumuz vəzifələrimiz var. Çalışaq hər zaman bu vəzifələrimizin öhdəsindən gələk.
Biz vətənin, xalqın və dövlətin mənafeyi naminə birlik nümayiş etdirməliyik. Necə ki, bu müharibədə birliyimizi göstərdik və zəfər çaldıq.
Bu müharibədə canını fəda edən şəhidlərimizi unutmayıb onları rəhmətlə yad edək.
Allah ölkəmizə bir daha müharibə qismət eləməsin!

Söhbətləşdi: Zərintac Mayis qızı