Azərbaycan Hadrutun tarixini də bərpa edir

"Bir il əvvəl Hadrutun işğaldan azad olunması düşmən üçün böyük zərbə oldu. Azərbaycan Ordusu mürəkkəb relyef və hava şəraitinin yaratdığı çətinliklərə rəğmən 30 il ərzində qurulan müdafiə istehkamlarını darmadağın etdi. Beləliklə, də döyüşlərin gedişində vəziyyət dəyişdi, Azərbaycan qoşunları daha intensiv irəliləməyə, düşmən isə geri çəkilməyə başladı. Yəni Hadrutun azad edilməsi böyük qələbəmizin əldə olunmasında həlledici rol oynadı və dönüş nöqtəsi oldu". 
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Hadruta səfəri, burada rayon ictimaiyyəti ilə görüşü zamanı bu məqamı xüsusi qeyd etdi:

"Döyüşlərin gedişinə diqqət yetirdikdə aydın olur ki, Hadrut əməliyyatının uğurla başa çatması bizə öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olmağa imkan yaratdı. Əslində kapitulyasiya aktından sonra 62 nəfərlik diversiya qrupunun Hadruta göndərilməsi də Ermənistanın revanş istəyinin göstəricisi idi. Lakin Azərbaycan silahlı qüvvələri bütün azad olunmuş ərazilərdə möhkəmlənmişdi. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, Ermənistan rəhbərliyi və Ermənistan ictimaiyyəti gördü ki, bizim üçün bütün torpaqlar bizim torpaqdır - istər Füzuli olsun, istər Cəbrayıl, istər Zəngilan, istər Hadrut, Şuşa, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq".
 
Xanım parlamentari diqqətə çatdırıb ki, Hadrut erməni tərəfinin acı məğubiyyətinin başlanğıcı oldu:

"Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu gün ermənilər Hadrutda görülən işlərin miqyasını gördükdə daha çox sarsılır, daha çox psixoloji sarsıntı keçirirlər. 30 il ərzində bu ərazilərdə müvəqqəti olduqlarını dərk edən düşmən daşı daş üstünə qoymayıb. Amma bu torpaqların əsl sahibləri – azərbaycanlılar bütün azad olunmuş ərazilərdə, o cümlədən Hadrutda yeni infrastruktur layihələri icra edir. Vaxtilə ermənilərin xarabalığa çevirdiyi bu ərazilər yaxın gələcəkdə beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevriləcək. Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı dövlət baçısının Xocavənd rayonuna səfəri zamanı bir daha aydın oldu ki, Hadrutun bərpası prosesinə start verilib. Yarımstansiya, yol əsas infrastruktur layihələrinin icrası bunu bir daha təsdiqləyir. Eyni zamanda Hadrutun tarixi hissəsi də yenidən qurulacaq. Bu qəsəbədə məscidin təməlinin qoyulması isə həqiqətən də tarixi hadisədir. Bu məscid bizim dini-mənəvi dəyərlərimizə ehtiramın göstəricisidir.  Beləliklə, bütün torpaqlarımızın tarixi də bərpa olunur. Azərbaycan bütün azad olunmuş əraziləri ən qısa zamanda bölgənin ən inkişaf etmiş məkanına çevirəcək".