Haqq davamız səngiməyəcək

Ermənistan milyardlarla maddi ziyana görə təzminat ödəməlidir

Azərbaycan tərəfi beynəlxalq məhkəmələr qarşısında Ermənistanla bağlı iddialar qaldırır. Ötən gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan tərəfinin münayəndəsi Elnur Məmmədov rəsmi Bakının tələblərini səsləndirib. O vurğulayıb ki, Azərbaycan Ermənistandan azad edilmiş ərazilərinin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Onun sözlərinə görə, məhkəmə bununla əlaqədar Ermənistanın üzərinə öhdəlik qoymalıdır. 

Həmçinin əlavə edib ki, məhkəmə Ermənistandan “Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatını təhlükəyə atmasını dərhal dayandırmağı” tələb etməlidir. E.Məmmədov bəyan edib ki, Ermənistan ərazisində fəaliyyət göstərən, Azərbaycana qarşı nifrət və düşmənçiliyə çağıran təşkilatların fəaliyyətinin qarşısı alınmalıdır: “Ermənistan tərəfi azərbaycanlılara qarşı işlənən etnik zəmində cinayətlərin sübutlarının saxlanması, iki ölkə arasında çəkişməni çətinləşdirəcək addımlardan imtina etməsi üçün tədbirlər görməlidir”.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, bu, çox vacib məsələdir. Deputat qeyd edib ki, hazırda Ermənistanla sülh danışıqları müstəvisində danışıqlar gedir, Moskvada işçi qrupun təmasları reallaşır və bir sıra vacib məsələlərlə bağlı qərar alınır: 

“Amma bununla yanaşı Ermənistan tərəfi torpaqlarımızı işğalda saxladığı 30 il ərzində həyata keçirdiyi bütün cinayətlərə, terror əməllərinə, vandalizmə gərə cavab verməli, öz layiqli cəzasını almalıdır. Ermənilərin vandalizm hərəkətlərinin miqyası çox böyükdür. 

Düşmən xalqımıza qarşı ağlasığmaz vəhşilik edib, tarixi-dini abidələrimizi, bütün infrastrukturu məhv edib, ekologiyamıza sağalmaz ziyan vurub. 

Bu gün də öz təxribatçı əməllərini davam etdirirlər. 

Minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu da Qarabağda sürətli quruculuq işlərinə maneçilik törədir. Verdikləri xəritələrin isə 75 faizi həqiqəti əks etdirmir. O baxımdan Ermənistanı beynəlxalq məhkəməyə verməyə tam haqqımız çatır. 

Milyardlarla maddi ziyana görə təzminat ödəməlidirlər. Müzakirələrin aparılması haqq davamızın davam etdirilməsinə əngəl törətmir”.