"İşğal günü "dərdimizi harda ağlamağı" düşünürdük"

Elməddin Muradlı: "Zəngilana köçəndən sonra Prezidenti, Mehriban xanım Əliyevanı öz rayonumuzda qonaq edəcəyik"

Oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Dövlət başçısı ictimaiyyət nümayəndələri ilə görüşdə çıxış edib. Ölkə rəhbəri vurğulayıb ki, Zəngilanda bütün infrastruktur qurulacaq: “Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur qurulacaq. İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. 

Bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci "ağıllı kənd" layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”. Prezident qeyd edib ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı da olacaq: “Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək. Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.

Dövlət başçısının Zəngilan səfərində iştirak etmiş tanınmış jurnalist, “avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında rayona səfəri və ölkə başçısı ilə görüşdən danışıb. 27 il məcburi köçkün həyatı yaşayan jurnalist xatırlayır ki, 1993-cü ilin 29 oktyabrında ermənilərin mühasirəsinə düşüblər:

 “Mən o vaxt 13 yaşında idim. Mühasirədən çıxmaq üçün Araz çayının sahilinə toplaşmışdıq. Ulu öndər Heydər Əliyevin apardığı danışıqlar nəticəsində İran tərəfi ilə razılıq əldə olundu və sərhədi keçərək xilas olduq. Əgər mühasirədən çıxa bilməsəydik, Xocalı faciəsinin qurbanları ilə eyni taleyi yaşayardıq. Bunu elə-belə demirəm. Düşmənin planı Zəngilanın əliyalın sakinlərini qətl etmək idi, hətta bununla bağlı plan da hazırlamışdılar. Şükürlər olsun, sağ qaldıq və Zəngilanın düşmən işğalından azad olunduğu günü gördük. Müharibəyə kimi hər ilin oktyabr ayında dostlarla danışırdıq ki, qarşıdan Zəngilanın işğal günü gəlir, fikirləşirdik ki, nə edək, harada, necə tədbir keçirək, kimləri dəvət edək. Daha doğrusu, “harada orurub dərdimizə ağlayaq” məsələsini müzakirə edirdik. İndi Zəngilanda zəfər gününü qeyd edirik. Rayonumuzun işğaldan azad olunmasının ildönümü münasibəti ilə Ali Baş Komandanımız cənab İlham Əliyevin iştirakı ilə Zəngilanda görüş keçirtdik. Ölkə başçısı bizə çox səmimi münasibət göstərdi. Olduqca maraqlı görüşümüz alındı. Demək olar ki, siyasi məsələlərdən tutmuş, sosial mövzulara, bizi narahat edən problemlərə qədər hər şeydən söz açdıq. Zəngilanı gəzintiyə çıxdıq, dağılmış, viranə küçələrdə gəzişdik, tarixi vərəqlədik. Erməni vəhşiliklərini yenidən xatırladıq. Mən cənab Prezidentlə görüşdə bildirdim ki, inşallah, yaxın vaxtlarda dövlət başçımızı abad Zəngilanda qarşılayaq. Ötən gün baş tutan tədbirdə cənab Prezident bizi dəvət etmişdi. Dövlət başçısı özü də dedi ki, “mən sizi dəvət etmişəm, amma Zəngilan abad olandan sonra siz məni dəvət edərsiniz”. Biz də söz verdik ki, Zəngilana köçəndən sonra Prezidenti, Mehriban xanım Əliyevanı öz rayonumuzda qonaq edəcəyik”. 

E.Muradlı vurğulayıb ki, Zəngilan böyük nəqliyyat qovşağının üzərində yerləşir:

 “Rayonumuz Zəngəzur dəhlizinin üstündədir. Buradan dəmiryol xətti, avtomobil yolu keçəcək. Zəngilanda beynəlxalq statusa malik hava limanı tikilir. Bütün bunlar Zəngilanın digər rayonlardan daha çox inkişaf etməsinə böyük imkan yaradır. Dünya təcrübəsi göstərir ki, harada nəqliyyat qovşağı varsa, həmin bölgə daha sürətli tərəqqi edir. Zəngilanın təbii sərvətlərlə zəngin olması, nəqliyyat-logistika qovşağı üzərində yerləşməsi rayon üçün çox böyük perspektivlər vəd edir. "Ağıllı kənd" layihəsi böyük sürətlə icra olunur. Artıq bəzi evlər hazırdır, digərlərində isə son tamamlama işləri gedir. Cənab Prezidentin deyiyi kimi Ağalı kəndinin sakinləri bu ilin sonu, yaxud növbəti ilin əvvəli öz yurdlarına köçəcəklər. Çox gözəl şərait yaradılıb. İş yerləri, təsərrüfat sahələri olacaq. Mən bunların canlı şahidi oldum. “Köçkünlər qayıtmayacaq” deyən kimsələr gedib Zəngilanı görsə, əmin olun, hamıdan qabaq özləri gedib yaşamaq istəyəcəklər”.