Quruculuq işlərinin əhatə dairəsi genişlənir

Yaxın günlərdə Rusiya şirkətlərinin də Qarabağın bərpa işlərinə qoşulmasının şahidi olacağıq

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, rus şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Onun sözlərinə görə, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir. İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən XİN rəsmisi Azərbaycanda işgüzar fəaliyyəti genişlətməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. 

Ümumən, ölkə ictimaiyyətində Rusiyaya münasibət birmənalı olmasa da, hər halda müharibənin dayanmasında, üçtərəfli sazişin imzalanmasında və sonrakı proseslərdə Moskvanın, xüsusən dövlət başçısı Vladimir Putinin mühüm rolu olub. Hazırkı məqamda isə Rusiyanın xüsusi aktivliyi müşahidə olunur. Xatırladaq ki, Qarabağda əsasən dost ölkələrə məxsus şirkətlərin fəaliyyətinə icazə veriləcəyi vurğulanırdı. Artıq Türkiyə, İtaliya, İsrail və başqa dövlətlərin şirkətləri Qarabağda müxtəlif sahələrdə fəaliyyət göstərməkdədir. Görünən odur ki, yaxın günlərdə prosesə Rusiya şirkətlərinin də qoşulmasının şahidi olacağıq. 

Zaxarovanın açıqlaması ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpası işlərində bizə dost ölkələr, iqtisadi əməkdaşlıq etdiyimiz dövlətlər yaxından iştirak edir və edəcək. Deputatın sözlərinə görə, şimal qonşumuz Rusiya da dost bildiyimiz ölkələrdəndir: 

“Qarabağda quruculuq işlərinə ilk başlayan qardaş Türkiyənin şirkətləri oldu. O cümlədən İtaliyanın, İsrailin, İngiltərənin şirkətləri ilə əməkdaşlıq haqqında sənədlər imzalanıb, fəaliyyətə başlayıblar. O cümlədən Rusiyanın “Kamaz” avtomobil zavodu ilə Cəbrayıl rayonunda birgə servis mərkəzinin təməli qoyulub. Qarabağ müharibəsində daha böyük itkilərin baş verməməsi və növbəti məsələlərin dialoq masası arxasında həll olunmasında Rusiyanın rolu xüsusilə qeyd olunmalıdır. Kəlbəcər, Laçın və Ağdam rayonları güllə atmadan, şəhid vermədən Rusiyanın dəstəyi ilə imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad olundu. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında Rusiya Prezidenti Vladimir Putinin verdiyi töhfələr qeyd olunmalıdır”. 

Parlament üzvü xatırladıb ki, Valday görüşündə Putin Ermənistan-Azərbaycan arasındakı dövlət sərhədlərinin SSRİ xəritələrinə uyğun bərpa edilməsini dəstəklədiyini bir daha qeyd etdi:

 “Rusiya rəhbərliyinin mövqeyini dost münasibətin göstəricisi hesab edirəm. Rusiyaya məxsus şirkətlərin işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinə cəlb olunmasını da müsbət addım sayıram. Rusiya dövlətinin Azərbaycana münasibətinin ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmaması təbii haldır. Çünki Rusiya ictimaiyyətində ermənilərin təsiri altında olan dairələr mövcuddur. Amma Prezident Putinin və Rusiya hökumətinin Azərbaycana olan müsbət münasibətini yüksək dəyərləndiririk. Məhz bu yanaşmanın ölkələrimizarası münasibətlərin gələcək inkişafında çox əhəmiyyətli olacağını düşünürəm”.