Kamran Əsədov: "Onların tarixi torpaqlarımız haqqında daha geniş informasiyası olmalıdır"
"Bakı məktəbləri ilə yanaşı, bölgələrdə də yarışların, müsabiqələrin keçirilməsi məqbuldur"
Paytaxtdakı təhsil müəssisələrində reallaşdırılacaq tədbirlərə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. Əmrə əsasən, təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı silsilə tədbirlərin, “Zəfər” olimpiadasının keçirilməsi nəzərdə tutulur. Həmçinin məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin təşkili diqqətdə saxlanılır.
Eyni zamanda YUNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan təhsil müəssisələrinin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ölkə məktəblərinin “Şuşa ili” ilə bağlı birgə tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bundan başqa, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunmuş “Ən yaxşı elektron təqdimat” müsabiqəsi keçiriləcək. Məktəb kollektivlərinin, “Şuşada bir gün” Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələri şagirdlərinin Şuşa şəhərinə səfərlərinin, orada yay məktəblərinin, könüllülər düşərgələrinin təşkili nəzərdə tutulur.
Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanın zəfərlə başa çatan Vətən müharibəsi bütün sahələrə öz müsbət təsirini göstərib:
"Hazırda Azərbaycanın ali və orta ixtisas, eyni zamanda orta məktəblərində dövlətimizin zəfərlə başa çatan 44 günlük müharibəsinin müəyyən hissələri ilə bağlı xüsusi tədbirlər həyata keçirilir. Bu gün Bakıda 320, ölkə üzrə 4432 orta ümumtəhsil məktəbi var. Bu ilin Azərbaycanda "Şuşa ili" seçilməsinin əsas səbəblərindən biri Şuşanın Azərbaycan tarixində, dövlətçiliyində tutduğu yer, roldur.
Bu, vacib bir məqamdır. İndiki məqamda mədəniyyət paytaxtımız bizim üçün bütün məsələlərdə daha həssasdır. Ona görə də "Şuşa ili" ilə bağlı keçirilən olimpiadalar, daha fərqli formatda tədbirlər, müsabiqələr tarixi torpaqlarımız barədə şagirdlərimizin daha çox bilik əldə etməsinə, bacarıqlarının formalaşmasına vəsilə olacaq".
K.Əsədov hesab edir ki, belə tədbirlərin təşkilini daha çox azyaşlı uşaqlar arasında aparmalıyıq:
"Onların tarixi torpaqlarımız haqqında daha geniş informasiyası olmalıdır. Təkcə ədəbiyyat fənnindən yox, kimya, fizika, coğrafiya sahələrinə də yer verilməlidir. Həmin ərazilərin bioloji quruluşu, coğrafi mövqeyi ilə bağlı yarışlar, olimpiadalar keçirilərsə, daha yaxşı olar. Bakı məktəbləri ilə yanaşı, bölgələrdə də yarışların, müsabiqələrin keçirilməsi məqbuldur".