Kəlbəcərdə turizm potensialı böyükdür

Dünya bu cənnətməkan ərazilərə axın edəcək

  “Prezident İlham Əliyevin Göygöl, Laçın Kəlbəcər rayonlarına səfəri zamanı etdiyi açılışlar, Kəlbəcərdə komando hərbi hissəsinin açılışını etməsi Ordumuzun 104-cü ildönümünə ən böyük hədiyyə oldu”. Bu barədə “Şərq”ə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat deyib ki, artıq Azərbaycanda komanda hərbi hissələri çoxalmaqdadır: “Bu da Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşməsinə, modernləşməsinə xidmət edir.

Ali Baş Komandanın məhz Silahlı Qüvvələrin 104-cü ildönümündə Kəlbəcərdə belə bir açılışı reallaşdırması, əsgərlərin, zabitlərin qarşısında çıxışı, Kəlbəcərdən Ermənistana xüsusi mesajlar ötürməsi Azərbaycanın postmünaqişə dövründə çox uğurlu daxili və xarici siyasət yeritdiyini bir daha sübut edir. Cənab Prezident bir daha şəhidlərimizi, qazilərimizi yad etdi. Gənclərimizin vətənpərvər ruhda yetişdirildiyini vurğuladı. Azərbaycanın güclü dövlət olduğunu səsləndirdi. Ermənistanın da digər beynəlxalq güclər kimi Azərbaycanın yaratdığı reallığı anlamağın, bu fonda hərəkət etməyin vacib olduğunu bildirdi”.
  Parlament üzvü vurğulayıb ki, dövlət başçısı tez-tez işğaldan azad edilmiş ərazilərə səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, nəzarət edir: “Ötən müddət ərzində Kəlbəcərdə, Laçında sürətli quruculuq, abadlıq işlərinin şahidi olmuşuq: “Kəlbəcərə, Laçına rahat gedə bilmək üçün yollar çəkilir, tunellər inşa edilir.

Toğanalı, Kəlbəcər yolunun ən müasir tələblərə cavab verəcək şəkildə salınması bizi sevindirir. Bununla yanaşı bölgənin elektrik enerjisi ilə təminatı üçün Su Elektrik Stansiyaları (SES), yarımstansiyalar tikilir və Azərbaycanın ümumi elektrik şəbəkəsinə qoşulur. 

Bu da çox vacib amillərdən biridir. Burada istehsal olunan enerjinin ekoloji cəhətdən təmiz olması ərazilərin "yaşıl enerji" konsepsiyasına uyğun olacağını göstərir. Kəlbəcər Azərbaycan üçün çox önəmli rayondur. Turizm potensialı böyükdür. Cənab Prezident tərəfindən burada "İstisu" sanatoriyasının əsasının qoyulması da göstərir ki, ən qısa zamanda bölgədə turizm infrastrukturu bərpa ediləcək. Dünya bu cənnətməkan ərazilərə axın edəcək.

Artıq Füzuli beynəlxalq hava limanı istifadəyə verilib. Zəngilan hava limanı tezliklə açılacaq. Laçında da beynəlxalq hava limanının təməli qoyulub. Bu isə bölgəyə təyyarə vasitəsi ilə səfərlərin ediləcəyindən xəbər verir”.