"Qarabağda erməni ordusunun qalıqlarını muzdlularla əvəzləmək istəyirlər"

"Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, baş verənlər və proseslərin mümkün inkişafı Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Qarabağda erməni ordusunun qalıqlarını muzdlularla əvəzləmək istəyirlər: 

"Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Azərbaycan nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırırlar. Separatçıların qondarma “ombusdmanı” bu ermənilərin Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürmək niyyətlərini açıqlayıb. Ermənistanın bunu etməyə çalışdığını yazmışdıq. Bakı Livandan, Suriyadan gətirilən bu ermənilərin Azərbaycan torpaqlarında qalmasına imkan verməməlidir".

Analitikə görə, İrəvan hesab edir ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsinə hələ 1 il yarım müddət qalıb: 

"Razılaşmadakı “3 il müddətinə” istinad edirlər. Halbuki, Azərbaycan yolun iki ilə istifadəyə veriləcəyini bəyan edib. Bu, Ermənistanın Laçın şəhəri və hazırki dəhlizin keçdiyi ərazilərin təhvil verilməsi prosesini uzatmaq istəyindən xəbər verir. Zabux kəndində qalan ermənilər də çıxmaq istəmir. Baş separatçı Araik Arutyunyan “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyib. Görünür, bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq".