Qısa müddətdə Qarabağda bu qədər iş görmək uğurdur

Azərbaycan dövləti təkbaşına işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işləri aparır

  İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Qanuna əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq. Qeyd edək ki, bundan əvvəl işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılıb. 

  İqtisadçı Pərviz Heydərov “Şərq”ə bildirib ki, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Lakin dəyişiklikdən sonra quruculuq işlərinə ayrılmış vəsait 470 milyon manat artırılıb. Ekspertə görə, ötən il 2,2 milyard dollar vəsait hesabına görülən işlərin səviyyəsi göstərir ki, həqiqətən çox böyük işlər həyata keçirilib: 

“Füzulidəki beynəlxalq hava limanının tikintisi cəmi 8 aya başa gəlib. İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri, yolların salınması, kommunikasiya vasitələrinin qurulması istiqamətində də ötən müddət ərzində ciddi addımlar atılıb. Deməli, ayrılan vəsait təyinatına uyğun xərclənib. Bu il də quruculuq-bərpa işləri həmin sürətdə, hətta daha artıq tempdə davam etdirilir. Cənab Prezidentin bölgəyə mütəmadi səfərləri, təməlqoyma mərasimləri və açılışlar bunu açıq şəkildə sübut edir. Təbii olaraq bir məqam tez-tez gündəmə gətirilir. Dövlət başçısı da çıxışlarında bu məsələyə toxunur və bəyan edir ki, Qarabağdakı quruculuq işlərinə yerli və xarici şirkətlərin, iş adamlarının maraq göstərməsi, cəlb olunması vacibdir. Ölkə rəhbəri bununla bağlı hətta açıq çağırışlar da edib. Vurğulanıb ki, bölgədə investisiya qoyuluşu üçün bütün kartlar hər kəsin üzünə açıqdır. Hələlik işğaldan azad edilmiş ərazilərdə Azərbaycan şirkətləri ilə yanaşı, qardaş Türkiyəyə məxsus şirkətlər fəaliyyət göstərirlər. Digər ölkələrin şirkətlərinin də bu işdə maraqlı olduqları barədə informasiyalar yayılır”. 
  P.Heydərova görə, sadəcə, dövlət büdcəsindən ayrılan vəsait hesabına bu miqyasda işləri reallaşdırmaq böyük nailiyyətdir: “Nəzərə alaq ki, burada söhbət müharibədən çıxmış bir ölkənin büdcəsindən gedir. Azərbaycan dövləti təkbaşına işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işləri aparır. Özü də bunun üçün heç bir dövlətin, hansısa beynəlxalq maliyyə qurumlarının yardımına ehtiyac duymur. Bu, əslində qeyri-adi haldır. Torpaq qatına qədər yandırılmış, viran qoyulmuş ərazilərdə qısa zamanda genişmiqyaslı işlər görmək ciddi uğurdur. Buna rəğmən, xarici şirkətlərin Qarabağdakı işlərə cəlb olunması yaxşı olardı. Bu, ən azından görülən işlərə dəstək, stimul sayılardı. Ancaq bəllidir ki, investorlar ilk növbədə mövcud riski dəyərləndirir, təhlükəsizlik amilini göz önünə gətirir. Şübhəsiz, yaxın gələcəkdə xarici şirkətlərin qorxusuz, rahat şəkildə bölgəyə investisiya yatıracağının şahidi olacağıq”.