Ermənistanın zaman limiti bitir

Qarabağdakı separatçı-terrorçu rejim Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur

  Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər. Özünü Qarabağ separatçılarının “ombudsmanı” kimi təqdim edən nümayəndə - Geqam Stepanyan iyulun 1-də deyib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər. Laçın şəhərindən çıxarılacaq ermənilərə gəlincə, onun sözlərinə görə, bu məsələni Ermənistan hakimiyyəti həll edəcək və çox güman ki, onlara Ermənistanda mənzillər veriləcək. Stepanyan bildirib ki, hələ ki Laçın şəhəri, Zabux və Sus kəndlərinin erməni “sakinləri”nin təxliyəsi üzrə iş aparılmır. 

Lakin o, həmin ermənilərin Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə qalmasını mümkün hesab etmir. Bununla bağlı müvafiq addımlar atılacağını vurğulayır. Xatırladaq ki, bu il Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək. Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndindən - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur. Analitik bildirib ki, Ermənistan tərəfi Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Azərbaycan nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırır: 

“Separatçıların qondarma “ombudsmanı” bu ermənilərin Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürmək niyyətlərini açıqlayıb. Ermənistanın bunu etməyə çalışdığını yazmışdıq. Bakı Livandan, Suriyadan gətirilən bu ermənilərin Azərbaycan torpaqlarında qalmasına imkan verməməlidir. İrəvan hesab edir ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsinə hələ 1 il yarım müddət qalıb. Razılaşmadakı “3 il müddətinə” istinad edirlər. Halbuki, Azərbaycan yolun iki ilə istifadəyə veriləcəyini bəyan edib. Bu, Ermənistanın Laçın şəhəri və hazırkı dəhlizin keçdiyi ərazilərin təhvil verilməsi prosesini uzatmaq istəyindən xəbər verir. Zabux kəndində qalan ermənilər də çıxmaq istəmir. Baş separatçı Araik Arutyunyan “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyib. Görünür, bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq”.