Ermənilər lap yaxın gələcəkdə Laçını tərk edəcəklər

Ona görə şəhərin mərkəzini və kəndlərini talan edir, infrastrukturu dağıdır, ağacları kəsir, evləri yandırırlar

  “Laçın dəhlizi"nə alternativ çəkilən yolun tikintisi başa çatıb. İşğal dönəmində orada qeyri-qanuni məskunlaşmış ermənilərin lap yaxın gələcəkdə Laçını tərk edəcəyi heç kimdə şübhə doğurmur”. Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, bunu ermənilərin özləri də, Xankəndidəki separatçı tör-töküntüsünə "başçı"lıq edən Araik Arutyunyan da yaxşı başa düşür: “Ona görə də necə deyərlər, onlar indidən əl-ayağa düşüblər. Laçının mərkəzindəki və Zabux kəndindəki ermənilər ərazini tərk etməyəcəklərini bildirirlər. 

Ancaq digər tərəfdən öz ənənəvi hay xislətlərinə sadiq qalaraq Laçının mərkəzini və kəndlərini talan edir, infrastrukturu dağıdır, ağacları kəsir, evləri yandırırlar. Bu da son nəticədə bölgədə növbəti ekoloji fəlakətin baş verməsi ilə nəticələnə bilər. Eyni zamanda Xankəndidəki separatçı-terrorçu rejim Zabuxda qanunsuz məskunlaşdırılmış Suriya, Livan ermənilərinin Şuşa rayonunun kəndlərində yerləşdiriləcəyi ehtimalını gündəmə gətirir. Separatçı-terrorçu rejimin qanunsuz "ombudsman"ı Geqam Stepanyanın bu barədə verdiyi təxribatçı açıqlamasından məlum olur ki, Zabuxun boşaldılması faktı meydana çıxacağı təqdirdə, mümkün variant kimi oradakı hayların Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər”.

  Ə.Hüseynov vurğulayıb ki, həqiqətdə ermənilərin nə Zabuxda, nə də Şuşanın məlum kəndlərində yerləşdirilməsi, məskunlaşdırılması heç bir hüquqi əsaslara söykənmir: “Çünki onlar Azərbaycan vətəndaşı deyil. Ona görə də ərazidə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları heç şübhəsiz ki, bu cür qanunsuz məskunlaşdırma cəhdlərinin qarşısını birmənalı surətdə almalıdır. Əks təqdirdə, Azərbaycanın müvafiq güc strukturları bu məsələni gərəyincə həll edəcək, erməni azğınlığının qarşısını alacaqlar. Rəsmi Bakının nə Ermənistan rəhbərliyinin sərgilədiyi destruktiv mövqeyə, nədəki Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz əməllərinə sonsuza qədər dözmək niyyəti yoxdur. 

44 günlük Vətən müharibəsində əldə edilən parlaq Zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımları və dövlətimizin başçısının sülh çağırışlarını da, rəsmi İrəvanın danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatlarını da, erməni müxalifətinin və Xankəndidəki separatçıların revanşist çağırışlarını da dünya birliyi görür”.

  Politoloq bəyan edib ki, həmsədrlik institutunun yenidən dirçəldilməsinə çalışan ABŞ və Fransa da ermənilərin revanşist əhval-ruhiyyəyə köklənməsindən xəbərdardır:

 “Lakin onlar bu faktı görməzdən gəlirlər. Revanşizm çağırışları onları əsla narahat etmir. Ancaq hamı bilməlidir ki, Ermənistan tərəfinin və separatçıların destruktiv fəaliyyətləri, revanşist çağırışları bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu təhdidlərin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ermənilər illüziyalarla yaşamamalıdırlar!".