Xocavənddə erməni vandallığı... –Bunu dünyaya göstərməliyik!

“İndiki hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və diaspor rəhbərli birgə fəaliyyət göstərməlidir”

“Onlar bu istiqamətdə daha peşəkar beynəlxalq təşkilatların məsləhətlərini almalıdırlar”


Oktyabrın 4-də Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirib. Məsələ dünya mətbuatının da diqqətindən yayınmayıb. Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star”, “Vatan” və digər qəzetlər, ölkənin digər aparıcı media qurumları ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətdən bəhs ediblər. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib. 

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

Ağ Partiya sədri Tural Abbaslı məsələ ilə bağlı “Sherg.az” a danışarkən bildirib ki, biz bu məqamda da dünyadan ədalət gözləməli deyilik: 

“Dünyanın müxtəlif ölkələrinin nümayəndələri gələcək, araşdıracaq,bunun edam yoxsa , işgəncə olduğunu biləcək.  Ermənistanı belə vəhşiliyinə görə qınayacaq. Əgər biz bunu gözləyiriksə, çox səhv edirik. Çünki otuz ilə yaxın bir vaxtda Xocalıda mülki şəxslərin, qocaların, qadınların edamını, gördükləri işgəncələri dünyaya təqdim edə bilməmişik. 

Bunu bilə-bilə Xocavənddə tapılan on iki şəhidimiz üçün dünyanın Ermənistana təzyiq etməsini gözləmək çox absurddur. Bu heç vaxt belə olmayacaq. Hələ bundan bir neçə gün öncə güya bizim əsgərlərimizin erməni əsirləri güllələməsi ilə bağlı video yayıldı. Bütün dünya həmin görüntülərə görə Azərbaycanın üzərinə gəldi. Belə bir haqsız durumla qarşı-qarşıya qaldıq. 

Düşünürəm ki, indiki hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və diaspor rəhbərli birgə fəaliyyət göstərməlidir. Onlar bu istiqamətdə daha peşəkar beynəlxalq təşkilatların məsləhətlərini almalıdırlar. Bu iş özfəaliyyətlə həll olan məsələ deyil. Gedib BMT-nin və yaxud da Avropa Şurasının inzibati binasının qarşısında şəkilləri, plakatları asacağıq və dünya da bizə dəstək verəcək. 

Elə bir şey olmayacaq. Burda lobbi, diaspor fəaliyyəti, xarici siyasətin məsələyə müxtəlif formalarda müdaxiləsi lazımdır. Qardaş Türkiyə diasporundan,eyni zamanda, İsrail lobbisindən də istifadə etməliyik. Şirkətlərə müraciət edib onların bu yöndəki dəstəyini almalıyıq.Təkcə bizimkilərin ümidinə qalsa, heç nəyə nail ola bilməyəcəyik.

Necə ki, 44 günlük savaşda ermənilər bizim torpaqlarımızda qanunsuz inşa etdikləri kilsələrin dağıdılması ilə bağlı dünyada elə bir kampaniya yaratdılar ki, az qala  dünya bizi barbar millət kimi tanıyacaqdı. 

Amma biz Bərdəyə, Gəncəyə mülki əhalinin yaşadığı ərazilərə atılan raketlər barədə dünya ictimaiyyətinə yetərincə məlumat verə bilmədik. Bizim bu sahədə kifayət qədər boşluqlarımız var”.