Gülüş və sevinc Füzuliyə qayıdır! - “Şəhərin ilk sakinlərinin köçü bu tarixdə  baş tutacaq”



Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

27 illik işğal müddətində Füzuli və digər yaşayış məntəqələrinin düşmən tərəfindən dağıdıldığını deyən 84 saylı Füzuli seçki dairəsindən seçilən millət vəkili Vüqar Bayramov “Sherg.az”a bildirib ki, orda təkcə evlər və infrastruktur dağıdılmamışdı, həm də ekoloji soyqırımı baş vermişdi:

“Füzuli şəhəri işğaldan azad olunanda cənab prezident də qeyd etdi ki, “Şəhər Ermənistan tərəfindən elə dağıdılıb ki, hətta Azərbaycan bayrağını asmaq üçün sağlam tikili tapmak mümkün olmadı”. Bu ondan xəbər verir ki, Qarabağın ikinci ən böyük şəhəri Ermənistan tərəfindən tamamilə məhv edilmişdi. 

Amma artıq Füzuli şəhəri yeni bərpa mərhələsinə qədəm qoyub. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. İndi oradan uçuşlar həyata keçirilir. Bu hava limanı eyni zaman da Qarabağın “hava qapısı” olaraq, bölgənin nəqliyyat və kommunikasiyasının inkişafına xüsusi töhvə verir. Digər tərəfdən Füzuli-Şuşa yolu tikintisi davam edir və bu şəhərləri birləşdirilən zəfər yolu istifadəyə verilib. Həmçinin Füzuli ilə Zəngilanı birləşdirən dəmir yolu xətti və avtomobil yolu intensiv şəkildə inşa edilir. 

Füzuli və Hadrud arasındakı avtomobil xətti də istifadəyə verilmək üzrədir. Bütün bunlar nəqliyyat və lojistikanın tez bir zamanda inkişafına nail olunduğundan xəbər verir. 

Eyni zamanda 2-ci ağıllı kənd də Füzulidə yerləşəcək. Hətta Füzuli şəhərinin baş planı da təsdiq edilib. Artıq 2023-cü ilin payız aylarında ilk Füzuli sakinlərinin şəhərə qayıdışı gözlənilir. Bərpa olunan bu şəhər tezliklə öz daimi və tarixi sakinlərini yenidən qarşılayacaq. Bununla da gülüş və sevinc yenidən Füzuliyə qayıdacaq”.