Natiqlər hesab edir ki, artıq türk diasporlarının əməkdaşlığı zərurətə çevrilir
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə başlayıb.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilib.
İştirakçı qurumlar 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsini aparıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov türk dünyasının diaspor təşkilatları arasında koordinasiyalı fəaliyyətin təşkil olunmasının, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb:
“TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri iki gündür Azərbaycandadırlar: “Bakı-Şuşa Forumunun açılışı paytaxtda oldu. Forum çərçivəsində türk dünyasındakı diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə olundu. Eyni zamanda TDT çərçivəsində gələn il üçün fəaliyyət planı barədə danışıldı. Gələn il TDT diaspor gənclərinin görüşü keçiriləcək. İlk dəfədir ki, bu formatda görüş olacaq. Amma müxtəlif formatlarda müntəzəm görüşlər keçirilir”.
Forum ikinci gününün Şuşada davam etdirildiyini vurğulayan Komitə sədri deyib ki, sonda bəyanat qəbul olunub. Bu bəyanatda Azərbaycanda gedən proseslər və türk dövlətlərinin bu prosesə yanaşması əksini tapıb: “Biz istəyirik ki, Şuşa hər il belə tədbirlərə ev sahibliyi etsin. Biz təkcə TDT-ni deyil, digər beynəlxalq təşkilatları da bu işə cəlb edəcəyik. Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlərimiz davam edir”.
O, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşa ilə bağlı çoxlu planların olduğunu xatırladıb.
Ermənistanın ölkəmizə qarşı təxribatlarından danışan Komitə sədri bildirib ki, türkofobiya Ermənistanın rəsmi ideologiyasının təməlini təşkil edir:
"Ermənistan işğal zamanı Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 2 il müddətində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışı zamanı həlak olub və ya yaralanıb. Həmçinin münaqişənin 2 ildir bitməsinə baxmayaraq, Ermənistan sərhəddə təxribatlarını davam etdirir.
Lakin beynəlxalq təşkilatları çaşdırmaq üçün əsassız şəkildə Azərbaycanı təcavüzdə günahlandırmağa səy göstərir. İkinci Qarabağ müharibəsinin nəticələri region üçün yeni imkanlar vəd edir. Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsini fəal şəkildə dəstəkləyir və bununla əlaqədar öz ərazisində genişmiqyaslı işlər həyata keçirir. Dəhlizin açılması isə bölgənin bütün ölkələri, o cümlədən də türk dünyası üçün faydalı olacaq".
F.Muradovun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil.
Prezident İlham Əliyevin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren isə Azərbaycan və Türkiyənin diaspor qurumlarının uzun müddətdir xaricdə çox yaxın əməkdaşlıq etdiklərindən bəhs edib.
Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş bildirib ki, dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 23 önəmli sənəd imzalayıblar. Bunlardan biri də diaspor sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır. Çıxışında bayramların birgə qeyd edilməsinin əhəmiyyətli olduğunu bildirən Mukaş, türk dövlətlərinin ortaq bayramı olan Novruz bayramı ərəfəsində dünyanın müxtəlif ölkələrində birgə tədbirlərin keçirilə biləcəyini deyib.
Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq türkdilli dövlətlərin diaspor təşkilatlarının rəhbərləri bir yerə toplanır:
"Özbəkistan Millətlərarası Münasibətlər Komitəsi ilə Azərbaycanın Diasporalarla iş üzrə Dövlət Komitəsi arasında Tərəfdaşlıq memorandumunun imzalanması planlaşdırılır. Bu memorandum ölkələrimizin diaspor komitələrinin birgə fəaliyyətinə, dövlətlərimizin maraqlarının müdafiəsinə öz töhfəsini verəcək. Özbəkistanda 132 müxtəlif millətin nümayəndələri yaşayır və milli mədəni mərkəzlərin içində ən aktiv fəaliyyət göstərən Azərbaycan milli mədəniyyət mərkəzidir. Özbəkistanda Heydər Əliyev adına mədəniyyət mərkəzi fəaliyyət göstərir və bu il Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyevin heykəlinin və onun adına küçənin açılışı olub".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə deyib ki, biz diasporun gücünü çox gec anlayan ölkələrdən biriyik. Səfir qeyd edib ki, ölkəmizdən xaricdə minlərlə vətəndaşımız yaşayır:
"Onlar bir araya gələrək öncə öz məsələlərini, daha sonra digər türk dövlətləri ilə birlikdə digər məsələləri müzakirə etməlidirlər.
Bakıda və Şuşada keçirilən forum bu aspektdən çox önəmlidir. Ombudsmanlardan diasporlara qədər çox fərqli sahələrdə əməkdaşlıqlarımız inkişaf edib. Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında önəmli lokomotiv rolunu oynayır".
Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev deyib ki, Azərbaycan özünün bütün təbii sərvətlərinin keşiyində dayanır:
"Vətəni qorumaq, təbii sərvətləri qorumaq, bu torpaqlarda yaşayan əhalini qorumaq kimi anlayışlar var. Hər bir dövlət bütün bu dəyərlərini qorumalıdır. Bu mülahizələrdən çıxış edərək, təbii ki, Azərbaycan tərəfi indi bütün təbii sərvətlərini, əhalinin təhlükəsizliyini və respublikaya aid olan strateji ərazilərini qoruyur. Bütün bunlar ölkənin bütövlüyü nöqteyi-nəzərindən həyata keçirilir”.
Digər çıxışçılar da Forumun işini yüksək qiymətləndirib, türk diasporlarının əməkdaşlığının zərurətə çevrildiyini diqqətə çatdırıblar.
Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənada yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda Forum Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.