Meşələrimizi, abidələrimizi məhv edənlər, çaylarımızı çirkləndirənlər cavab verəcəklər
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
Qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq ölkədə müasir ekoloji monitorinq sistemi yaradılıb, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilib. Çoxfunksiyalı və avtomatik rejimdə işləyən müasir cihazlar havada, suda və torpaqda 3 mindən artıq çirkləndiricini təyin etməyə imkan verir. Nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd rayonlarda və Pirallahı adasında radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılıb.
Meşələrin qorunub mühafizə olunması istiqamətində də ciddi tədbirlər həyata keçirilib və bunun nəticəsində qanunsuz ağac kəsilməsi halları ilbəil azalıb. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində də tədbirlər həyata keçirilib.
Ölkə rəhbərinin apardığı siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün geoloji axtarış-kəşfiyyat işlərində də ciddi nəticələr əldə olunub, əlvan və nəcib metallar üçün bir sıra perspektivli sahələr aşkar edilib. Azərbaycanın 25 bölgəsində müxtəlif təyinatlı 104 yatağın sənaye ehtiyatları balansa alınıb.
Lakin çox təəssüflə qeyd etməliyik ki, uzun illər ermənilər ölkəmizə qarşı həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində ölkəmizin təbiətinə, flora və faunasına, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına qarşı beynəlxalq ekoloji cinayət törədilib. Ermənistan və onun havadarları olan xarici şirkətlərlə birgə Azərbaycanın milli sərvətləri talan edilib. İşğal dövründə həmin ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti ətraf mühitə çox ciddi ziyan vurub. Qızıl və digər yeraltı, yerüstü yataqlar talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub.
Nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb. Uzun illər Azərbaycan bu fəaliyyətə qarşı dövlət səviyyəsində etirazını bildirib. Eyni zamanda ölkənin ictimai təşkilatları da bu istiqamətdə öz narahatlıqlarını dəfələrlə müxtəlif platformalarda ifadə ediblər. Ermənilərin belə azğınlaşmasının əsas səbəbi beynəlxalq təşkilatlar səviyyəsində onların işğalçılıq siyasətinin pislənməməsi, Azərbaycanın ərazilərinin zəbt edilməsi, eləcə də həmin ərazilərdə silahlı dəstələrin mövcudluğu olub.
Lakin 44 günlük Vətən müharibəsi torpaqların işğaldan azad edilməsi ilə yanaşı, həmin milli sərvətlərimizin də qorunmasına zəmin yaradıb.
Bu gün ölkə rəhbərliyinin qarşısında duran başlıca məqsəd isə ermənilərin torpaqlarımızdan və faydalı qazıntı yataqlarından istismarına son qoymaqdır.
Belə ki, dünyada qəbul edilən üç konsepsiya - ekoloji tamlıq, ekoeffektivlik və ekoədalətlilik ölkəmizin sərhədləri daxilində yerləşən müxtəlif növ yataqlara da şamil olunmalıdır.
Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora qarşı etiraz olaraq dekabrın 12-dən eko-fəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələrimiz Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Eyni zamanda dünya ictimaiyyətinin də diqqətini bu məsələyə biganə qalmamağa çəkirlər.
Ekofəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər.
Qeyd edək ki, havaların soyuq olmasına baxmayaraq, gecə-gündüz mübarizə əhvali-ruhiyyəsiylə "Ekoloji terrora son!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarları səsləndirən aksiya iştirakçıları artıq ilkin hədəfinə çatıb. Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır. Yataqların qanunsuz istismarını həyata keçirən "Base Metal" şirkəti mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin “Şərq”ə açıqlamasına görə, ekofəalların təşəbbüsü ilə Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlanmış etiraz aksiyası dünyada böyük ajiotaj doğurub. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunda yaşayan erməni vətəndaşlarımızla bağlı fikirlər fərqli idi: “Bəziləri bildirirdi ki, 30 il Azərbaycana qarşı müxtəlif cinayətlərə imza atmış erməni əhalisinin Qarabağda yaşamağa mənəvi haqqı yoxdur, separatçılar tamamilə qovulmalıdırlar. Lakin belə hesab edənlər də var idi ki, Azərbaycan pasportu və qanunları ilə yaşamağa razı olanlar Qarabağ iqtisadi rayonunda qalıb yaşaya bilərlər. Açığı, bununla bağlı mübahisələrə cəlb olunsam da, mövqeyim birmənalı idi və indi də belədir: Ermənidilli vətəndaşlarımız Qarabağda qalıb bizim qanunlarla yaşamalıdır. O zaman da yazmışdım, indi də o fikirdəyəm ki, şillə zamanı keçdi, indi sığal zamanıdır. Türkiyədə, Güney Azərbaycanda da ermənilər yaşayır. Borçalıda ermənilərlə azərbaycanlılar bir rayonda dinc yanaşı yaşaya bilirlər. Qarabağdakı terrorçular, silahlılar təmizlənəndən sonra birgəyaşayış mümkün olacaq. Dekabrın 12-dən başlanmış aksiyaların hədəfi elə bu idi. Ermənilər, onların himayədarları anlasın ki, ərazidə müvəqqəti sülhməramlılar var deyə, biz sərvətlərimizin talanmasına sakit qalmyacağıq. 30 illik işğal dövrü bitib. 44 günlük savaş bizim qələbəmizlə sona çatıb. 10 noyabr üçtərəfli bəyanatı yeni situasiya yaradıb. Hər kəs buna əməl etməlidir. Qarabağ iqtisadi rayonuna daxil olan bölgələr: Xankəndi, Xocalı, Ağdərə, Xocavənd Azərbaycan ərazisidir. İndi işğal dövrü deyil, sərvətlərimizi talayalar, meşələrimiz məhv edələr, çaylarımızı çirkləndirələr, bizim də əlimiz çatmaya, səssiz qalaq. O mərhələ keçib. 18 gün davam edən aksiya ermənilərə və onları himayə edənlərə bir həqiqəti başa saldı: Azərbaycan tərəfi dövlət və cəmiyyət olaraq qətiyyətlidir, ekoloji terroru davam etdirmək mümkün olmayacaq. Artıq məlumat var ki, Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılıb. Yataqların qanunsuz istismarını həyata keçirən “Base Metal” şirkəti mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu, bizim dinc mübarizəmizin qələbəsidir. Ancaq burada dayanmaq olmaz. Çox incə yerdən yapışmışıq. Ekoloji məsələ dünyanın həssas yanaşdığı problemdir. Bu cür aksiyalar dünyanın siyasi mərkəzlərində, beynəlxalq təşkilatların qarşısında, səfirliklərin önündə davam etdirilməlidir. Bu cür aksiyalar informasiya savaşında çox tutarlı silahdır. Dünya görsün ki, azərbaycanlılar Ermənistandan qovulub, amma biz bu qədər itki verməyimizə, zərər görməyimizə baxmayaraq, şıltaq ermənidilli vətəndaşlarımızla bir yerdə yaşamağa hazırıq”.