Laçın dünyanın ən gözəl və yaşamalı şəhərlərindən olacaq

2025-ci ildə ora təyyarə ilə də gedə biləcəyik

 
  Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bu təyinatadək M.Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub. O daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb. Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.

 Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən ona öz tapşırıqlarını verib. Dövlət başçısı qeyd edib ki, infrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Lakin Prezident qeyd edib ki, xüsusi nümayəndə də Laçın rayonunun gələcək inkişafı ilə bağlı iş yerlərinin yaradılması, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlidir: "Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulub”. 
  Prezident vurğulayıb ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir: "Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək. Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdu. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə yerləşdirilib. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməyib".
  Ölkə başçısı bəyan edib ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq: "İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdi, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdu və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir".

  Millət vəkili Sahib Alıyev deyib ki, cənab Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna xüsusi nümayəndə təyin etdiyi zaman dedikləri əminəm ki, Ermənistandan da çox bizə düşmən kəsilən digər mənfurları qıcıqlandırır. Deputatın sözlərinə görə, söhbət ilk növbədə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə aparılan quruculuq işlərindən gedir: 

"Diqqət yetirdinizsə, dövlətimizin başçısı bildirdi ki, onlardan biri - Laçın dünyanın ən gözəl və yaşamalı şəhərlərindən olacaq. Və ora uzağı 2025-ci ilin əvvəlinə təyyarə ilə də gedə biləcəyik ki, bizim dörd bir yanımızda hələ indiyə qədər heç kim belə mürəkkəb relyefi olan yerdə hava limanı tikməyib. Bunu savaşdan təzə çıxan, işğal zamanı torpaqlarının 20 faizində bütün infrastruktur dağılmış, yaşayış məntəqələrinin demək olar ki, hamısının altı-üstünə çevrilmiş Azərbaycan, ancaq öz gücünə, öz potensialına dayanaraq reallaşdırır. Təsəvvür edirsinizmi? Minlərlə laçınlı artıq bu ildən doğma şəhərlərində, eləcə də Zabux və Sus kəndlərində  yaşamağa başlayacaqlar. O yerlərdə ki, təkcə haylar deyil, cənab Prezidentin riyakar adlandırdığı Fransa kimi dövlətlər də, oralara azərbaycanlıların dönməsini qətiyyən  istəmirdilər, bu gün də həzm edə bilmirlər. Nə yazıqlar ki, həzm edə bilməyənlərin başında da qonşu İran gəlir. Əminəm ki, savaşda əldə etdiyimiz qələbə kimi, işğal zamanı son daşınadək sökülən şəhər və kəndlərimizin yerində əvvəlkilərdən qat-qat gözəl və funksionallarının salınması da o ölkəni  qıcıqlandırır. Çünki İranda yaşayanlar, ilk növbədə də azərbaycanlılar iki idarəçilik modeli arasındakı kəskin fərqdən bərk təsirlənir və rejimə qarşı nifrətləri daha da artır". 
   S.Alıyev vurğulayıb ki, onlar Arazın bu tayındakıların özlərindən təkcə müqayisə olunmayacaq dərəcədə azad və sərbəst yaşamadıqlarını görürlər: "Onu da görürlər ki, İranın qaz və neft ehtiyatları Azərbaycandan qat-qat çox olduğu halda burada  insanlar daha yaxşı dolanır, şəhər və kəndlərimiz özlərininkindən xeyli abaddır. Ardıcıl olaraq aparılan quruculuq işləri isə aradakı fərqi durmadan artırır. Niyə? Çünki Azərbaycan dövləti əldə etdiyimiz gəlirləri Suriyada, Livanda, İraqda, Yəməndə və daha bir neçə ölkədə proksilərin, terror şəbəkələrinin saxlanmasına yox, xalqın rifahının yaxşılaşdırılmasına, şəhərlərin, kəndlərin abadlaşdırılmasına xərcləyir. Tehran rejimi təbii ki, bunu özü üçün böyük təhlükə sayır, o üzdən də dövlətimizə qarşı düşmənçilik siyasətini yeritməkdə davam edir və edəcək. Prezident İlham Əliyev Laçın rayonu üzrə xüsusi nümayəndəsinə insanlar doğma yurdlarına döndükdən sonra orada torpaqların zəbti, meşə fondunun məhvi və digər xoşagəlməz hallara “dözümlülük sıfır dərəcəsində olmalıdır” dedi. Hay nasistləri Şərqi Zəngəzurda 60 min hektar meşəni necə vəhşicəsinə kəsib-doğramışdılarsa,  bax, bu gün fars şovinistləri eyni hirslə bizim mənəvi mühitə zərbə vurmaqdadırlar. Mənəvi mühitin korlanması isə təbii mühitinkindən heç də az fəlakət vəd etmir. Ona görə də Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlərə, bu ölkədə xurafatçılıq, məzhəb qarşıdurması yaymağa çalışanlara casusluq, trolluq edən, onların tapşırığıyla durub-oturanlara da cəmiyyət və fərd olaraq artıq dözümlü yanaşmaya son qoymalıyıq".