"Qələbənin kökündə dayanan əsas amil bizim ruhumuz, iradəmiz, torpaq sevgimiz, birliyimiz oldu"
"2003-cü ildə prezident seçilən cənab İlham Əliyev bildirmişdi ki, hər bir azərbaycanlının prezidenti olacaq".
Bu barədə Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, "ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ümummilli Liderimiz Heydər Əliyevin xalq qarşısında etdiyi çıxışın, səsləndirdiyi fikrin haqqını verən dövlət başçısı ötən dövr ərzində daxili və xarici siyasətin prioritetlərini bir hədəf üzərində müəyyənləşdirmişdi:
"Həmin hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması idi. Bu, həm də qürurumuzun bərpası, milli ləyaqətimizin ucalara qaldırılması amalı idi. Bunun üçün dövlətimiz siyasi, iqtisadi, hərbi, milli-mənəvi və ideoloji baxımdan gücləndirilməli idi. Ötən dövr sübut etdi ki, bu parametrlər üzrə son dərəcə ciddi işlər icra olunmaqla yanaşı, gənc nəsil milli vətənpərvərlik istiqamətində tərbiyə edildi. 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatları sübut etdi ki, biz, həqiqətən, sarsılmaz hesab olunan daşları tərpətdik.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərkən dövlət başçısı qaranlıq məqamları bir daha gün işığına çıxardı. Həqiqətən, Qələbənin kökündə dayanan əsas amil bizim ruhumuz, iradəmiz, torpaq sevgimiz, birliyimiz oldu. Ən böyük amil o idi ki, hər bir Azərbaycan vətəndaşı öz rəhbərinə inanır, rəhbərinin verdiyi heç bir qərarı sorğulamadan öz Lideri ətrafında ətdən sipər hörməyi bacarırdı. 44 gün ərzində dünyaya elə bir birlik dərsi keçdik ki, bu dərs ən yeni tarixə qızıl hərflərlə yazıldı. Bu günə qədər Azərbaycanın Zəfərindən yazılır, danışılır, gələcək nəsilləri məhz bu cür yetişdirmək uğrunda çalışılır".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan nəinki Zəfər əldə etdi, torpaqlarını azad etdi, həm də bu Qələbəni regiondan düşmənçiliyin silinməsi üçün tarixi fürsətə çevirdi:
"Azərbaycan dövləti və xalqı yumruq kimi birləşərək Qarabağımızı yenidən cənnətə çevirir. Ümummilli Liderimizin anadan olmasının 102-ci ilinin Qarabağ muğamının sədaları altında keçirilməsi xalqımızın öz Ulu Öndərinə duyduğu minnətdarlıq hissidir. Qarabağın dirçəldilməsində bu dahi şəxsiyyətin adını daşıyan, onun ideallarını fəaliyyətinin ana xətti kimi müəyyənləşdirən Heydər Əliyev Fondu bərpa işinə önəmli töhfələr verir. Hər bir şəhər və kəndin arxitekrutası bərpa edilərkən, yenidən qurularkən milli ruh canlandırılır. Fondun daxildə və beynəlxalq aləmdə icra etdiyi layihələrin müsbət nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salındı".
A.Badamov diqqətə çatdırıb ki, çətin dönəmdə ölkəmizi xaosdan, anarxiyadan xilas edən Ümummilli Liderimizin izi ilə eyni siyasət davam etdirilir:
"Törədilmiş vəhşiliyə, urbisidə və ekosidə baxmayaraq, torpaqlarımıza yeni nəfəs vermək üçün ən müasir standartlar tətbiq olunur. Biz həm də ləyaqətli müharibə aparmaqla öz təmiz xislətimizi dünyaya nümayiş etdirdik. Qarabağ dirçələrkən dövlət başçısı xarici siyasətdə gərgin əmək nümayiş etdirir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Regiondan uzaq dövlətlər bölgəmizə maraq göstərərkən əməkdaşlıq üçün ilk növbədə Azərbaycana üz tuturlar. Beynəlxalq münasibətlər sisteminin istənilən aktoru bilir ki, Azərbaycanla razılaşdırılmadan, bizim mövqeyimiz öyrənilmədən heç bir layihə icra oluna bilməz. Əks halda bu cür addımlar uğursuzluğa məhkumdur".