Qarabağda və Zəngəzurda ədalət bərpa olunur

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
 
Azərbaycan öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir
Zəngilanda Günəş stansiyaları, Cəbrayılda sənaye zonası - Azərbaycan postmünaqişə dövründə unikal model qurur
Azərbaycanın müasir inkişaf tarixində “Böyük Qayıdış” proqramı xüsusi strateji əhəmiyyətə malikdir. 2020-ci ildə Qarabağ torpaqlarının azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifə bu ərazilərin bərpası, infrastrukturun yenidən qurulması və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi idi. Son 5 il ərzində həyata keçirilən genişmiqyaslı layihələr məhz bu məqsədə xidmət edib.
Yenidənqurma işləri çərçivəsində yollar, elektrik və qaz xətləri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, hava limanları və yaşayış məhəllələri inşa olunub. “Ağıllı kənd” və “ağıllı şəhər” modelləri tətbiq edilərək, azad edilmiş ərazilərin dayanıqlı və müasir inkişafı üçün yeni mərhələnin əsası qoyulub.
Bu 5 il ərzində atılan addımlar təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial və iqtisadi həyatın dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı həm milli həmrəyliyin, həm də dövlətin strateji planlaşdırma bacarığının bariz göstəricisinə çevrilib. Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlişi Azərbaycanın gələcək inkişafının, regional sabitliyin və ədalətin bərpasının simvoludur.
Qeyd edək ki, işğaldan azad olunan digər ərazilər kimi  illərlə həsrət qaldığımız Zəngilan torpaqlarında da  həyat yenidən canlanır. Şəhərin hər yerində dirçəlişin, quruculuğun nəfəsi duyulur. Burada inşa olunan 104 mənzilli yeni yaşayış kompleksi azad edilmiş ərazilərdə qurulan yeni həyatın bariz nümunələrindəndir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın sözlərinə görə, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır. Burada 104 mənzil inşa olunub. Kompleksdə 8 ikimərtəbəli və 4 üçmərtəbəli bina ucaldılır. Binaların tikintisində müasir memarlıq üslubu, zövqlü dizayn və enerjiyə qənaət prinsipləri əsas götürülüb. Artıq daxili bəzək işləri yekunlaşıb. Yeni salınan məhəllədə uşaqlar üçün oyun və idman meydançaları, yeraltı və yerüstü avtomobil dayanacaqları, həmçinin elektromobillər üçün enerjidoldurma məntəqəsi quraşdırılıb. Ərazidə yeraltı su rezervuarları və transformator kimi mühəndis qurğuları da mövcuddur.
Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında yerləşir. Bu isə gələcək sakinlər üçün rahat və dolğun yaşayış mühitinin yaradılmasına xidmət edir. Zəngilanın bu yeni siması bir vaxtlar dağıntılar içində qalan torpaqlarda qurulan müasir məhəllə, həm də Böyük Qayıdışın təntənəsidir.
Xatırladaq ki, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülən işlərlə tanış olub. Dövlət başçısının bu səfəri azad torpaqlarda həyatın yenidən bərqərar olmasının, Zəngilanın gələcək parlaq inkişafının daha bir göstəricisidir.
Mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşən Milli Məclisin deputatı Nigar Məmmədova  açıqlamasında deyib ki, Azərbaycan öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir: 
“Azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıdışı Prezident İlham Əliyevin də söylədiyi kimi, ilk növbədə ədalətin təntənəsidir və Azərbaycanın postmünaqişə dövründəki gücünü göstərir. Bu, Azərbaycanı təslimçi sülhlə razılaşmağa məcbur etməyə çalışan qüvvələrin üzərində ədalətin təntənəsidir. Dövlət başçımızın da söylədiyi kimi, “vasitəçilərin hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi”. Lakin Azərbaycan xalqı və dövləti öz milli maraqlarından çıxış edərək ədaləti bərpa etdi. Qələbədən sonra azad olunmuş ərazilərin bərpası ilə Azərbaycan dövləti uzun illər öz doğma yurdunda məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarının hüquqlarını bərpa edir.
Ötən gün Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni yaşayış məntəqələri istifadəyə verildi. Burada məskunlaşan sakinlərə yeni mənzillərin açarları təqdim edildi”.
N.Məmmədovanın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib: 
“Dövlət başçımız hər zaman bəyan edir ki, biz müharibəni müvəqqəti atəşkəslə, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirməklə fərqlənirik. Azərbaycan həm də bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir. Öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün əsas prioritetidir. Ötən gün Cəbrayılın Horovlu, Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinə yeni həyat qayıtdı. Dövlət başçımız qeyd etdi ki, burada əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədilə yeni iş yerləri də yaradılmaqdadır. Belə ki, Cəbrayılda fəaliyyətdə olan “Araz Vadisi” sənaye zonası xeyli sayda insanın məşğulluğunu təmin edib.
Cənab Prezident sakinlərlə görüşdə də bəyan etdi ki, “biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar”.
Həmçinin Cəbrayılda iki Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş, su elektrik stansiyaları regionun enerji tələbatını qarşılayacaq. Yəni bütün bölgələrdə bərpa-quruculuq işləri kompleks şəkildə davam edir.
Zəngilanda da bərpa prosesi davam edir. Zəngilan şəhərində birinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Zəngilan Beynəlxalq Hava Limanı isə bu regionu əhəmiyyətli nəqliyyat mərkəzinə çevirib. Cənab Prezident də qeyd etdi ki, həm Zəngəzur dəhlizi, həm Araz dəhlizinin keçəcəyi ərazi olduğundan bu bölgənin perspektivli gələcəyi olacaq. Bu isə burada məskunlaşan insanların rifahının yaxşılaşmasına töhfə olacaq”.