Tarixçi-alim: İranda su problemi çox ciddidir

Ölkənin gələcəyini təhdid edən məsələlərdən biridir
Bu, eyni zamanda Azərbaycanın problemidir. Çünki Naxçıvana təsir göstərə bilər
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub və artıq ictimai, siyasi və iqtisadi böhrana çevrilib. Dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri də yayılıb. Bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90 faizdən çoxu quruyub. İran hökuməti iddia edib ki, gölün bərpası üçün 6 milyard dollar büdcəli ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb. Milli fəalların söylədiklərinə görə, Urmiya gölünün qurumasına laqeydlik ətraf vilayətlər, hətta bütün ölkə üçün sağalmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunur ki, Urmiya gölünün quruması sadəcə ekoloji məsələ deyil. Gələcəkdə gölün ətrafındakı vilayətlərdə müxtəlif xəstəliklərin yayılması ehtimalı da var. Eləcə də, iqlim və kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyə bilər. Urmiya gölünün qurumasının səbəb olduğu böhranla bağlı kampaniya da başladılıb və bəyannamə yayımlanıb. Bəyannamədə vurğulanıb ki, Urmiya gölünün qorunması və əvvəlki halına qaytarılması bütövlükdə İran cəmiyyəti üçün milli, mənəvi və sosial məsuliyyət, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs), Bioloji Müxtəliflik Konvensiyasına və bəşəriyyətin təbii sərvətlərinin qorunmasına aid olan Beynəlxalq vəzifədir. Qeyd olunub ki, Urmiya gölünün quruması sadəcə ekoloji böhran deyil, bu, həmçinin İran İslam Respublikası rəhbərlərinin bu böhrandan süni şəkildə yararlanmasının bariz nümunəsi, Azərbaycan türklərinin yaşadıqları torpaqların yararsızlaşdırılması, onların mədəni kimliyi və gələcəyi üçün ciddi təhlükə yaradan ekoloji fəlakətdir". Bəyannaməyə imza atanlar İran Prezidenti Məsud Pezeşkiana, Türkiyə Prezidenti R.T.Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyevə və  Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər. 
Tarixçi-alim, professor, keçmiş millət vəkili Nəsib Nəsibli Sherg.az-a açıqlamasında vurğulayıb ki, Urmu gölünün quruması, yaxud qurudulması yeni məsələ deyil. Alim diqqətə çatdırıb ki, 20 ildən artıq davam edən bir prosesdir və güneydə milli fəalların daim gündəmə gətirdiyi məsələdir:
 "İndi fəlakət həddinə çatıb. Gölün 98-99 faizi quruyub. Nəticədə ətraf ərazilər duz fırtınaları ilə örtülüb. Hətta bölgədən insanların başqa yerlərə köçməsi barədə məlumatlar var. Milli fəallardan bəziləri deyirlər ki, gölün qurudulmasına qəsdən göz yumulur ki, köç məsələsi daha çox böyüsün. Çünki hökumətin bölgəyə dair öz planları var. Bəzi məlumatlara görə, İran hakimiyyəti xarici ölkələrlə, özəlliklə Çinlə bir müqavilə imzalayıb. Gölün dibində litium, bor və başqa qiymətli metalların olduğu deyilir. Duzun, qiymətli metalların oradan çıxarılması haqqında da xəbərlər yayılır. Bir-birinə zidd baxışların olmasına baxmayaraq, gölün quruması bir fəlakətdir. Hakimiyyət baş verənləri təbii fəlakət adlandırır. Ola bilsin, gölün qurumasında 3-5, yaxud 10 faiz təbii amillərin rolu var. Məsələn, Aral gölünün qurumasında süni amillərlə yanaşı, təbii amillər də var. Xəzər dənizi də quruyur, şübhəsiz ki, bunun hamısını yanlış siyasətlə izah edə bilmərik". 
Professor bəyan edib ki, İranda bu məsələnin mahiyyəti ilə bağlı çoxdandır ki, müzakirələr, mübahisələr gedir:
 "Mübahisəli tərəfi hökumətin gölün qurumasını təbii fəlakətlə əlaqələndirməsi, bunun qarşısını almağın mümkünsüzlüyünü ifadə etməsidir. Milli fəallarımız isə deyir ki, necə olur ki, 2 il müddətinə İranın güneyindən İsfahana su kəməri çəkmək mümkün olur, amma Urmu gölü ilə bağlı heç bir fəaliyyət görünmür. Hətta məsələ o yerə çatmışdı ki, seçki kampaniyasında Məsud Pezeşkian üç məsələ içində Urmu gölünün qurtarılmasını da öz proqramına daxil etmişdi. İndi milli fəallar haqlı olaraq deyirlər ki, əgər Pezeşkian bu məsələni proqramına daxil edibsə, vəd veribsə, buyursun, həll etsin. Əlbəttə, məsələni bəsitləşdirmək doğru deyil. Gölün qurumasının təbii səbəbləri 3-5 faiz olsa belə, məlumdur ki, çayların önünü kəsdilər, onlarla baraj yaratdılar və kənd təsərrüfatı üçün istifadəyə verdilər. Yüzlərlə, hətta bəzi iddialara görə minlərlə quyu qazıldı. Urmu gölünü qidalandıran quyulardakı suyun gölə çatmasının qarşısını aldılar. Yəni yanlış kənd təsərrüfatı siyasəti, yanlış strategiya nəticəsində Urmu gölü faktiki olaraq qurudu". 
"Gölü bərpa etmək mümkündürmü?" sualını N.Nəsibli belə cavablandırıb:
 "Əlbəttə, mümkündür. Mütəxəssis araşdırmaları, komissiyalar var. Universitetlərdə problemlə bağlı qruplar yaradılıb. Amma hakimiyyətin bu məsələnin həllini istəyib-istəməməsi mübahisəlidir. Əslində, bu təkcə İranın, Azərbaycanın məsələsi deyil. 500 km. radiusda duz fırtınaları əraziyə təsir edir. Duz fırtınaları kənd təsərrüfatı, insanların yaşayışı üçün çox təhlükəlidir. Həqiqətən, böyük fəlakətdir və qarşısı alınmalıdır. Ümumiyyətlə, İranda su problemi çox ciddidir. Ölkənin gələcəyini təhdid edən məsələlərdən biridir. Bu, eyni zamanda Azərbaycan Respublikasının problemidir. Çünki Naxçıvana təsir göstərə bilər. Həmçinin, Türkiyə və İraq üçün də problemlidir. Bu ölkələr Urmu gölünün xilası barədə birgə fəaliyyət göstərməlidir".