- "Qoy gəlsinlər, bizim qonağımız olsunlar. Hamı bir süfrə arxasında kabab yesəydi, dünyada sülh bərqərar olar, bütün problemlər həllini tapardı"
Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyan Türkiyə mətbəxini, xüsusilə də kababı sevdiyini bildirdikdən sonra Adanadan olan məşhur kabab ustası Uğur Aydın onu Türkiyəyə dəvət edib.
Sherg.az xəbər verir ki, Adana "Hızlı Haber" nəşrinin yaydığı məlumata görə, Uğur Aydın Rubinyanı özünün hazırladığı Adana kababını dadmağa çağırıb.
Rubinyan daha əvvəl Türkiyədə apardığı tədqiqatlar zamanı yerli mətbəxi çox bəyəndiyini, xüsusilə "Adana kababı" və "İsgəndər kababı"nı sevdiyini demişdi.
Uğur Aydın isə bununla bağlı bildirib:
"Qoy gəlsinlər, bizim qonağımız olsunlar. Hamı bir süfrə arxasında kabab yesəydi, dünyada sülh bərqərar olar, bütün problemlər həllini tapardı."
İstanbulda fəaliyyət göstərən restoran sahiblərindən biri də Rubinyanın əvvəllər onların restoranında olduğunu xatırladaraq, türk xalqının qonaqpərvərliyini tam hiss etməsi üçün mütləq Adanaya da səfər etməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, Ruben Rubinyan avqustun 3-də Ermənistan parlamentinin sədri seçilib. Onun namizədliyi hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən irəli sürülüb. Səsvermədə iştirak edən 91 deputatdan yalnız hakim partiyanın üzvləri Rubinyanı dəstəkləyib. "Güclü Ermənistan" fraksiyasının 28 deputatı əleyhinə səs verib, "Ermənistan" fraksiyası isə səsverməni boykot edib.