“Yaşamaz, ölür”, dedilər

Hiranurun sevgisi buzovu həyata qaytardı

    Türkiyənin Sivas bölgəsinin Sofular kəndində vaxtından əvvəl doğulmuş buzov  evdə - 5 yaşlı  Hiranurla birgə böyüyür.  Buzov kəndin muxtarı Fatih Yıldırımın kiçik təsərrüfatına aid ahırda doğulub. “Şərq” “Milliyet.con”a istinadən xəbər verir ki,  boğaz inəyin balasını dünyaya gətirmə vaxtı hələ yetişməyibmiş. 

Amma inək birdən rahatsızlanıb və buzov dünyaya gəlib. 1 ay tez dünyaya gəlmiş buzov üşüməsin deyə muxtar onu evə gətirib, sobanın yanında yatacaq yeri düzəldib. Buzova “Benikli” adı verilib. Dünyaya gəldiyində 10 kiloqram olub. 

Baytar həkim buzovun həyatda qalmaq şansının 100-də 20 olduğunu söyləyərək, “yaşamaz, ölür”, deyib. Amma Allah öldürməyincə, kimsə ölməz, deyərlər. Muxtar da, kiçik qızı Hiranur da buzova qulluq etməyə başlayıb. Hiranur buzovu yanından ayırmayıb, birlikdə yatıb-qalxıblar.

 Buzovu əmzikli şüşəyə tökdükləri südlə qidalandırıblar. Buzovun nə dişləri varmış, nə dırnaqları, nə də tükü. Amma Hiranurun sevgisi və qayğısıyla qısa müddətdə ayağa qalxıb. Fatih Yıldırım deyir ki, buzov böyüdükdə onu ahıra aparmalı olacaqlar: “qızım onsuz nə edəcək? Elə bağlanıb ki, buzova. Buzov da ona. Onları bir-birindən ayırmaq çətin olacaq”. 

Buzov Hiranuru addım-addım izləyir. Uşaq hara gedirsə, ardınca düşür. Bəzən oynayırlar, sonra da birlikdə yuxuya gedirlər.