Tövsiyə: Çobanyastığı çiçəyini süddə dəmləyib için ! – Amerikada geniş yayılıb

Çobanyastığı olduqca faydalı bitkidir. Yalnız xəstələndiyiniz zaman yox, bir adət halı kimi həftədə 5-6 dəfə çobanyastığı çayı içmək sağlamlıq üçün çox yararlıdır Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir. Çobanyastığı çiçəklərini axşamlar yatmazdan əvvəl süddə dəmləyib içmək də olar. Bu üsul daha çox Amerikada yayılıb. Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.


Tanınmış fitoterapevt Fizuli Hüseynov “Sherg.az”a çobanyastığı çayının faydaları barədə danışıb:

“Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar. Çobanyastığı çiçəyinin spazmolitik effekti var.

Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir. Qastrit və mədə-bağırsaq yaralarında da gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan çobanyastığı çayının qəbulu lazımdır”.

Fitoterapevt vurğulayıb ki, çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır:

“Çobanyastığını mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, dəriləri canlı qalır. Çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir. Çobanyastığı mensturasiya pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.

Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.
Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur”.

Həkim frontit və haymorit zamanı da çobanyastığı çayının faydalı olduğunu söyləyib:

“2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bu gecə yatmazdan əvvəl edilsin.

0.5 litrlik şüşə butulkanı yarıya qədər çobanyastığı ilə doldurub, üstünə zeytun yağı tam dolana qədər töküb ağzını bağlayaraq 40-60 dərəcəli sobanın və ya otaq isidicisinin üstündə 2 həftə saxlamaq lazımdır.

Sonra süzüb, çobanyastığı yağı alınır. Bu yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl bu yağla dəri masaj edildikdə təsiri daha yaxşı olur.

Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir. Saç tökülməsində, kəpəklənmələrdə yuyulmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir”.