Korona faciəsi dəhşət saçır

Qanq çayına atılmış cəsədlər yenə sahilə çıxır


Hindistanda faciənin miqyası getdikcə böyüyür. Ölkədə koronaviusa yoluxanların sayı 30 milyonu ötüb, 400 min insanınsa vəfat etdiyi bildirilir. Üstəlik, bu rəqəmlərin aysberqin yalnız görünən tərəfi olması təxminləri də çox güclüdür. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hazırda bütün ölkə boyu  yaşanan növbəti gərginlik Qanq çayına atılmış cəsədlərin yenə də sahilə çıxmasıdır. Ölkədə bunu “ölülərin xortlaması” adlandırırlar. Cəsədlərin sahilə çıxmasının səbəbi isə mövsümi musson yağışlarının başlamasıyla çaydakı  daşqınlardır. Məhz musson daşqınları minlərlə cəsədi sahilə çıxarır, beləcə yüzlərlə Covid “zombi”si Qanq çayı boyunca “üzür”.

Ölkənin şimalında və şərqindəki ailələr ölüləri yandırmaq üçün odun satışında qiymətlərin yüksəlməsindən narazıdırlar. Odun qiymətləri hər gün artır. Odun almağa maddi imkanı çatmayanlar koronavirusdan vəfat etmiş doğmalarını, yaxınlarını Qanq sularına “təslim etmək” məcburiyyətində qalır, ya da sahildəki məzarlıqlara dəfn edirlər. Musson yağışları isə 1.550 mil uzunluğundakı su yolunda axıntıların güclənməsinə və sahildə dəfn edilmiş cəsədlərin üzə çıxmasına səbəb olur.

Ötən ay eyni mənzərə Bihar əyalətində yaşanmışdı. Rəsmilər Uttardan aşağı “üzən” cəsədlərin koronavirusdan vəfat etmiş xəstələrə aid olduğunu bildirirdilər.

Hindlilərin müqəddəs şəhərlərindən biri – Allahabadda son 4 həftədə 150 cəsəd yandırılıb. Hindlilərin dəfn adət-ənənələri də virusun yayılmasına daha artıq yol açır. Hindlilər ölmüş doğmalarını yandıra bilməyib cəsədləri Qanq çayına təslim etdikləri zaman belə, yüzlərlə insan mərasimə tamaşa etmək üçün çayın sahilinə toplaşır. Rəsmi məlumatlarda Qanq sahili boyunca 600-ə qədər cəsəd gömüldüyü bildirilir. Yerli sakinlər sahilin cəsədlərdən təmizlənməyəcəyi təqdirdə 

Qanq çayının dünyanın ən çirkli su hövzəsi halına gələcəyini söyləyir.

Bu vəziyyət daha da təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Hazırda Hindistan polisi və fövqəladə hallar əməkdaşları həm sahildə, həm də çayda cəsədlərin toplanmasıyla məşğuldur.