"Delta" Gürcüstan sərhəddini aşa bilər

Vaqif Qarayev: "Uşaqlar üçün bu təhlükəlidir, çünki uşaq orqanizmi zəifdir, bərkiməyib"

Gürcüstanda uşaqlar arasında Covid-19 sürətlə yayılır. Son günlər 65 uşaq xəstələnib. Onlardan 25-i iki aylığına qədər olan körpələrdi. Səhiyyə rəsmiləri “Delta” ştammının yayıldığı qənaətindədirlər. Dediklərinə görə, uşaqlar böyüklərdən (valideynlərdən) yoluxub. Gürcüstandan Bakıya aviareyslər var. Uşaqları qoruyaq!”. Bu açıqlamanı həkim-pediatr Vaqif Qarayev şəxsi feysbuk səhifəsində paylaşıb. Vəziyyətlə bağlı V.Qarayevin daha geniş rəyini öyrəndik: 

- Gürcüstan Səhiyyə Nazirliyi “Delta” ştammının varlığını rəsmən təsdiqləyib. Bizdə “Delta” ştammı ilə bağlı rəsmi məlumat yoxdur. Lakin Gürcüstanda və Rusiyada varsa, Azərbaycanda da yayılacağı ehtimalı böyükdür. Gürcüstandan, Rusiyadan aviareyslər var. Gələnlər-gedənlər... Məsələn, Gürcüstana gələn turistlərdən 400 nəfərdə koronavirus aşkarlanıb. Yəni miqrasiya varsa, yoluxma qaçılmazdır.

Uşaqlara gəlincə, koronavirusdan fərli olaraq “Delta” daha təhlükəlidir. COVİD-də uşaqların yoluxma faizi “0” idi. “Delta” isə daha çox uşaqları və gəncləri yoluxdurur. 

Uşaqlar üçün bu təhlükəlidir, çünki uşaq orqanizmi zəifdir, bərkiməyib. İstəmirəm də deyim, amma valideynlər ehtiyatlı olsun deyə, deməliyəm, Gürcüstanda “Delta” ştammı aşkarlanmış 2 körpə süni nəfəs aparatına qoşulub. Bunlar xoşagələn hal deyil. Valideynlər nə edə bilər? Bir evin içində böyüklər yoluxubsa, uşaqların yoluxması labüddür.

Yalnız karantin qaydalarına əməl etmək. Tibbi maska, təmizlik şərtlərini yerinə yetirmək. Kütləvi tədbirlərə getməmək, yaxın kontaktdan qaçınmaq.  Hər vasitə ilə uşaqları qorumalıyıq. 
"Delta”nın əlamətləri də koronavirusla eynidir. Əlamətlər varsa, təcili müayinə olunsunlar, testdən keçsinlər, vaxt itirmədən müalicəyə başlansın.