Həkimdən “Delta” xəbərdarlığı

Aldadıcı güvən hissi təhlükəyə aparır

Türkiyənin Tekirdağ vilayəti Çorlu dövlət xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi, dosent doktor Mustafa Doğan koronavirusun “Delta” ştammının digər variantlara nisbətən daha yoluxucu olduğunu ifadə edərək son zamanlar xəstəxana şəraitində müalicə alanlar arasında 30 yaşdan yuxarı şəxslərin sayının artdığını deyib.

“Bunlar əsasən peyvənd olunmayanlardır. 40 və 50 yaş üstü  şəxslər arasında peyvənd olunanlar çoxluq təşkil etdiyindən biz artıq daha gənc yaşdakıları xəstəxanaya qəbul etməyə başlamışıq.

Buna səbəb gənclərdə yaranan aldadıcı güvən hissidir.

Məhz bu aldadıcı güvən hissi onları təhlükəyə atır”,  söyləyən Mustafa Doğan əlavə edib ki,  “Delta” variantının yoluxuculuq faizi yüksəkdir. Bunun qarşısının alınmasının ən əsas yolu isə tibbi maska, sosial məsafə və təmizlikdir. M.Doğan vətəndaşları açıq hava və isti havalarla bağlı da xəbərdar edib:

“Nə açıq hava, nə də isti havanın virusun yoluxuculuğu üzərində hər hansı təsiri yoxdur.

“Delta” ştammı özündən əvvəlki variantlara nisbətən daha yoluxucudur. Təməl önləm tibbi maska, sosial məsafə və təmizliyə riayət olaraq qalmaqdadır. Açıq havada dolaşan, gəzən, istirahət üçün park və bağçaları seçən vətəndaşlar ara məsafənin qorunmasına xüsusi diqqət etməlidir. Birisi ilə aranızda 2 metrdən yaxın məsafə varsa, lütfən, tibbi maska taxmağı yaddan çıxarmayın. Xüsusilə, ürək-damar, ağ ciyər xəstələri yenə də yüksək risk altındadır”.