İran parlamentində Pezeşkianın komandasına hücum...

İran Prezidenti Məsud Pezeşkian hökumətinin Qərblə danışıqları barədə məlumatların yayılması ilə eyni vaxtda mühafizəkar siyasi qanadın nümayəndələri hakim komandaya qarşı hücuma keçiblər.

Axar.az xəbər verir ki, bu, İran parlamentinin son açıq iclasında yeni ilin büdcə layihəsinin müzakirəsi zamanı baş verənlərdən də məlum olur.

Tehran şəhərinin parlamentdəki nümayəndəsi, mühafizəkar qanadın təmsilçisi Mehdi Kuçekzadə Qərblə danışıqları ölkəyə, inqilaba və islami dəyərlərə xəyantət adlandırıb.

Şərqi Azərbaycanın keçmiş valisi, Məsud Pezeşkianın seçki qərargahının başçısı, miliyyətcə azərbaycanlı Möhsün Əbdüləlizadəni də hədəf alan millət vəkili onu təhqir edib.

“Əgər Möhsün Əlizadə danışıqlar barədə Təbrizdə çıxış etsəydi, təbrizlilər onun ağzından vurardılar”,- Kuçekzadə deyib.

Parlament sədri Məhəmməd Bagir Qalibafın Qasım Süleymani ilə yaxın dost olduğunu xatırladan millət vəkili ondan məsələ ilə bağlı qəti mövqe nümayiş etdirməsini istəyib.

“ Məhəmməd Cavad Zərif, Möhsün Əbdüləlizadə və başqaları ölkəni Amerikaya satmaq istəyirlər”, - Mehdi Kuçekzadə Pezeşkianın adını çəkmədən onun komandasına hücum edib.

O, vergi ödəyicisi kimi verdiyi verginin Qəzza zolağına yardım üçün göndərilməsini tələb edib, ABŞ-da baş verən yanğınlara görə təəssüflənənləri təhqir edib, onları axmaq adlandırıb.

“Cənab Qalibaf, sən bizim öncülümüz, rəhbərimizsən, bunların qarşısında dayanmalısan”, - Kuçekzadə parlament sədrinə müraciət edib.

Millət vəkilinin bu müraciətinə cavab olaraq davamlı şəkildə “Amerikaya ölüm” şüarları səsləndirib, bununla da Kuçekzadənin çıxışına dəstək ifadə edib.