Diyetada yol verilən 10 xəta!

Türkiyəli mütəxəssis Dərya Fidan arıqlamaq istəyənlərin səhvlərini sadalayıb


Diyetada olmağınıza rəğmən hədəfə çatmırsınızsa, səbəbləri vardır, demək. Bəslənmə və diyeta mütəxəssisi Dərya Fidan diyeta saxlayıb, lakin artıq çəkidən azad olmayanların tez-tez yol verdikləri xətaları açıqlayıb. “Şərq” “Millyet.com.tr”yə istinadən xəbər verir ki, mütəxəssisin dediyinə görə, əksəriyyət diyeta məsələsində ondan-bundan eşitdiklərini tətbiq edir, tez bir zamanda arıqlamaq, artıq çəkidən xilas olmağa çalışır və əksəriyyət də eyni səhvləri təkrarlayır. Arıqlamaq əvəzinə, bədən çəkisi daha da artır. Halbuki, sağlam bir şəkildə artıq çəkilərdən azad olmağın öz yolları, üsulları vardır. Yol verilən səhvlər bunlardır: 

1) Hər kalorini saymaq 
Arıqlamaq üçün gündəlik kalorinin normal ehtiyacdan az olması gərəkdir. Lakin unutmaq olmaz ki, qəbul edilən qidaların keyfiyyəti və tərkibi kaloridən daha artıq önəmlidir. Kalorini az qəbul etməyə çalışırkən protein ehtiyacının təminatına səhlənkar yanaşılsa, bu, əzələ itkisinə səbəb olacaq. Ona görə də gündəlik kalori ehtiyacını ihmal etməmək lazımdır. 
2) Hər gün tərəziyə çıxmaq
Arıqlama diyetası müddətində hər gün, tez-tez kilonu ölçməyə cəhd göstərmək insanı demoralizə edir və diyeta müddətinin gedişinə mənfi təsir edir. Tərəziyə nə qədər tez-tez çıxsanız, bədən çəkiniz bir o qədər dəyişik olacaq. Əsl çəkinizi dəqiq bilməyəcəksiniz. Çünki bədənin çəkisi vəziyyətə görə daim dəyişir. Məsələn, qəbizlik, həzm prosesinin yavaşlaması zamanı, qadınlarda adət günləri, bədən çəkisi fərqli olur. Yeməkdən dərhal sonra tərəziyə çıxmaq böyük yanlışdır. Ən doğrusu həftədə 1 dəfə diyetoloqun qəbulunda çəkinizi öyrənin. 
3) Su içməmək
Su həzm prosesi, metabolizmanın sürətlənməsi və dolayısıyla kilo atmaq üçün əvəzolunmazdır. İnsan gün ərzində ortalama 3 litr su içməlidir. Gün ərzində içilən çay, qəhvə, meyvə suyu və ya bitki çayları suyun yerini tutmaz. Bədənin təmizlənməsi üçün suya necə ehtiyac duyuruqsa, daxili orqanların təmizlənməsi, həzm prosesinin sürətlənməsi üçün də saf suya ehtiyacımız var. 
4) Sevdiyiniz qidaları rasiondan çıxarmaq
Arıqlamaq üçün sevdiyiniz qidalardan imtina etmək gərəkmir. Sevdiyiniz qidalarla özünüzü ara-sıra “mükafatlandırın”. Bu, sizi daha da motivasiya edəcək. Yetərli və ölçülü bəslənməyə alışdınızsa, sevdiyiniz qidaları da bu şəkildə ölçülü bir qaydada qəbul edə bilərsiniz. Yalnız, miqdara diqqət edin və qida qəbulundan sonra nə etməli olduğunuzu unutmayın. 
5) Hər gün eyni qidaları qəbul etmək 
Diyeta saxlayanlar ən çox məhz bu səhvə yol verir. “Arıqladır”,  deyə, uzun müddət, fasiləsiz bir şəkildə eyni qidalardan istifadə edirlər. Bu, onlardakı “eyni qidaları qəbul edərsəm, daha tez arıqlayaram” düşüncəsindən irəli gəlir.  Bu, doğru deyildir. Qəbul edilən qidalar nə qədər müxtəlif, bol çeşidli olarsa, arıqlamanı daha tez təmin edəcək. Çünki karbohidrat kompleksin vücuda təsiri daha artıq olacaq və sağlam arıqlama mümkün olacaq. 
6) Hər gün eyni kalori qəbul etməyə çalışmaq
Diyetada yol verilən ən böyük səhvlərdən biri də budur. Diyeta cədvəlində 1500 kilokalori hədəfləyib 6 hissəyə bölmək və hər hissədə 250 kilokalori qəbul etməyə çalışmaq insanı çətin vəziyyətə salır və düzgün arıqlama üsulu da deyildir. Səhər yeməyi üçün 400-450 kilokalori qida seçilməlidir. Nahara isə daha az kalorili qidalar. Səhər yeməyi zamanı kalorinin böyük qismini qəbul etsəniz, bu, gün ərzində sizi tox tutacaq, beləliklə gün ərzində kalorili qidalardan vaz keçmənizi təmin edəcək və bədən çəkinizi atmağa səbəb olacaq.  Gün ərzində aralıq yeməklərdə isə 100-200 kalori almaq daha uyğundur. 
7) Kilo itirdikcə hərəkətləri azaltmaq
Diyetada yol verilən səhvlərdən biri də arıqladıqca, “daha arıqlayıram” düşünüb hərəkətliliyi azaltmaq. Ən ağır itirilən çəki də məhz sona qalan 2-3 kiloqramdır. Tam nəticə əldə etmək istəyirsinizsə, hərəkətliliyi azaltmayın. Əksinə, daha çox hərəkətdə olun. 
8) Sürətlə yemək
Qida qəbulu müddəti mümkün qədər uzadılmalıdır. Belədə daha az qida qəbul edəcək və həzm prosesini sürətləndirmiş olacaqsınız. Çünki qidanı tələsik, sürətlə yedikdə, həzm prosesi yavaşlayır, bu isə bədən çəkisinin artmasına səbəb olur. 
9) Meyvə kilonu artırmaz?!
Tərəvəzlərdə su və lif faizi yüksək olduğundan kaloriləri zəifdir. Tərəvəzləri çiy halda yeməyə üstünlük verin. Lakin qarpız, yemiş, üzüm, əncir kimi meyvələrin tərkibindəki fruktoza çox olduğundan nizamlı və ölçülü bir şəkildə qəbul edilməlidir. 
10) Qısa zamanda çəkidən azad olmaq istəyi
Hər kəs bir an öncə artıq çəkidən azad olmaq istəyir. Amma nə qədər sürətlə arıqlasanız, bir o qədər də sürətlə yenidən çəki ala bilərsiniz. Bu istək insanları yanlış üsullara əl atmağa sövq edir. Nəticədə arıqlamaq əvəzinə çəkilərini artırmış olurlar. Əsas, sağlam şəkildə, yetərli dərəcədə, ölçülü bir qidalanma alışqanlığına sahib olmaqdır.