Koronavirus testinin cavabı: həm neqativ , həm də pozitiv çıxdı - FOTO

“Ümumiyyətlə, tibbdə 1-2 faiz səhvlər həmişə olur”

“Amma əgər bir dəfə pozitiv nəticə çıxıbsa, deməli, diqqətli olmaq lazımdır. Və sonrakı neqativ cavablar əvvəlki testin yanlış olduğuna əsas vermir”

“Əsas qan analizidir. Yaxmanın nəticəsi mənfi çıxsa da, qan analizi müsbət ola bilər. Deməli, orqanizmdə koronavirus var”


TƏBİB-lə bağlı şikayətlər səngimir. Ramil Bayramlıya təklif edirəm ki, rəhbərlik etdiyi qurumda bir şikayət qutusu yerləşdirsin. Çünki narazılıqların ardı-arası kəsilmir...

Jurnalist Rumiyyə Miraslanın “Facebook” hesabında yaydığı məlumat koronavirus testinin nəticələri ilə bağlı ciddi şübhələr yaradıb. Belə ki, həmkarımız eyni gündə iki dəfə test verib və nəticələr fərqli olub. İndi bu adam sevinsin, ya ağlasın?! TƏBİB indiyədək bir çox iddialara cavab vermədiyi kimi, hələ sözügedən məsələyə də münasibət bildirməyib.

Ona görə də “Sherg.az” olaraq Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlunun fikirlərini öyrəndik. O, təəccüblü bir şeyin olmadığını söylədi: 

“Mən özüm xəstələnəndə bir neçə dəfə test verdim. Nəticə gah pozitiv, gah neqativ oldu. Bunun iki səbəbi ola bilər. Belə ki, bəzən orqanizmdə infeksiyalar özünü göstərmir. Eyni zamanda texniki səhvlər də istisna deyil. Ümumiyyətlə, tibbdə 1-2 faiz səhvlər həmişə olur. Amma əgər bir dəfə pozitiv nəticə çıxıbsa, deməli, diqqətli olmaq lazımdır. Və sonrakı neqativ cavablar əvvəlki testin yanlış olduğuna əsas vermir. Onu da deyim ki, əsas qan analizidir. Yaxmanın nəticəsi mənfi çıxsa da, qan analizi müsbət ola bilər. Deməli, orqanizmdə koronavirus var”.