Həkimdən SOS: “Məktəblərin açılması yoluxmanı sürətləndirə bilər”

““Delta” ştammına daha çox gənclər yoluxur. Əvvəlki viruslardan fərqli olaraq yeni variant çox kəskinləşib”

“Amma məktəblər açılırsa, ciddi rejim və güclü nəzarət olmalıdır”

“Lakin inanmıram ki, bunlara əməl edilsin. Ona görə də məktəblər açılacağı təqdirdə yoluxma sayı artacaq”


Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Təhsilin ənənəvi qaydada bərpa olunub-olunmayacağı isə hazırda ən çox müzakirə olunan mövzular sırasındadır. Valideynlər arasında məktəblərin açılmasını istəyənlər olduğu kimi, buna etiraz edənlər də az deyil. Son günlər ölkəmizdə virusa yoluxma və ölüm sayında ciddi artımlar müşahidə olunur. Məsələn, bu gün Azərbaycanda 3762 nəfər koronavirusa yoluxub, 38 nəfər isə vəfat edib. Məhz bu durumdan narahat olan hər kəs tədrisin onlayn formada davamını məqsədəuyğun hesab edir.

Ölkəmizdə koronavirusa yoluxma və ölüm sayının artan xətt üzrə getdiyini söyləyən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a vurğulayıb ki, məktəblərin açılması yoluxmanı daha da sürətləndirə bilər:

“Təbii ki, ölkəmizdə yoluxma sayı çoxalmalı idi. Çünki insanlar qorunmur, artıq maskadan istifadə etmirlər. Məsələn, küçədə olan 10 nəfərdən yalnız 3 nəfərdə maska var. Məlumdur ki, “Delta” ştammına daha çox gənclər yoluxur. Əvvəlki viruslardan fərqli olaraq yeni variant çox kəskinləşib. Maariflənmədən söhbət gedə bilməz. Nə qədər maariflənmə olsun? 2 ildir ki, televiziya kanalları, internet saytları-bir sözlə hər yerdə vətəndaşların maariflənməsi daimi olaraq həyata keçirilir. Birinci dalğa zamanı insanlar daha çox qorunurdular, nəinki indi”.

Həkim vaksinasiya prosesinin mühüm rol oynadığını da diqqətə çatdırıb:

“İnsanlarda belə bir təsəvvür var ki, vaksin vurdurduğu üçün xəstəliyə yoluxmayacaq. Ancaq belə deyil. Vaksinasiyadan sonra yoluxma ola bilər, amma xəstəliyin klinik gedişatı yügül olur. Yəni fəsad yaranmır, ağırlaşmalar olmur. Bu baxımdan vaksinasiya çox əhəmiyyətlidir”.

Məktəblərin açılmasına gəlincə, Ş.Namazlı qeyd edib ki, şagirdlər vaksinasiya olunmayıb, çünki vaksin 18 yaşdan yuxarı şəxslərə vurulur:

“Bir ara dedilər ki, vaksin olunmayan valideynlər məktəbə buraxılmayacaq. İnanmıram ki, küçədə maskadan istifadə edilmədiyi halda məktəblərdə istifadə olunsun. Məktəblər açılırsa, ciddi nəzarət olmalıdır. Məsələn, tənəffüs vaxtlarına da nəzarət etmək lazımdır. Yəni siniflərin tənəffüsə çıxması növbəli şəkildə olmalıdır. Düzdür, təhsildən geri qalırıq, valideynlərdən məktəblərin açılmasını istəyənlər olduğu kimi, istəməyənlər də var. Amma məktəblər açılırsa, ciddi rejim və güclü nəzarət olmalıdır. Lakin inanmıram ki, bunlara əməl edilsin. Ona görə də məktəblər açılacağı təqdirdə yoluxma sayı artacaq”.