Alimlər təsdiqləmir

"Omikron" insanlara siçanlardan keçməyib

Türk professor: "Peyvəndlərdə dəyişiklik edilməlidir ki, qoruyuculuq effekti yeni varianta uyğun olsun"

“Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib. H.Harmancı qeyd edib ki, Azərbaycanda hələlik “Omikron” ştamına rast gəlinməyib: “Amma bu, sözügedən ştamın Azərbaycanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyaları dünyada yayılır və virusun olduğu hər yerdə ştamlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur. Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır”. 

Dünya alimlərini isə hazıra bu sual düşündürür – "Omikron" pandemiyanı bitirəcək, 2 ildir gözlənilən “xilaskar” mutasiyadırmı? İddialar, mülahizələr fərqlidir. Alimlərin bir qismi "Omikron"un pandemiyanı sonlandıracaq variant olduğuna inanır. Bir qisim isə konkret cavab verməkdən çəkinir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, "Omikron"la bağlı hazırkı məlumatlar bu variantın əsasən gənclər arasında yayıldığını, yeni variant ilk yoluxma faktının da məhz gənc insanda aşkarlandığını və əvvəlki variantlara nisbətən daha az ölümcül olmasıdır.     

Hong Kong Universiteti Li Ka Shing Tibb Fakültəsi tərəfindən "Omikron" ştamının ilk mikroskopik görüntüsü yayılıb. Alimlərə görə, COVİD-19-un "Delta" variantı ilə hazırkı "Omikron" variantı arasında bəzi fərqlər var. İstanbul Tibb Fakültəsi Tibbi-Mikrobiologiya kafedrasının virusologiya və təməl immunologiya elmləri üzrə professor Əli Ağacfidan qeyd edib ki, "Omikron" variantı əsasən gənclərdə aşkarlanır. "Omikron"un 50 müxtəlif mutasiyası müşahidə edilib, onlardan 32-si spike bölgəsindədir (S proteininin müəyyən bölgəsinə yönəlmiş anticisimlərin hədəfə alınması). 

"Delta"da isə bu fərq 9-dur. Ona görə də kliniki göstərişlərdən çıxış edərək nəticə çıxarmaq hələ tezdir. Virus hələ yenidir. "Omikron" variantına yoluxma halında dad və qoxubilmə qabiliyyətinin itməsi ilə bağlı isə bildirilir ki, ilk yoluxma faktlarında buna rast gəlinməyib. Yəni "Omikron"a yoluxanlarda dad və qoxubilmə itməyib. Lakin bu, sonrakı yoluxmaların da eyni cür baş verəcəyi anlamına gəlməməlidir. Mülahizə yürütmək üçün araşdırmaların sayı çox olmalıdır. "Omikron"un insanlara siçanlardan keçməsi fikri də alimlər tərəfindən təsdiqlənmir. Hər hansı variantın hansısa canlıda aşkarlanması, onun məhz həmin canlıdan insanlara yoluxduğu anlamına gəlməz. Virusun mutasiyaya uğraması üçün yayılması və çoxalması şərtdir. Virus insandan insan yoluxarkən də bir çox mutasiyalar ortaya çıxır. Bir virusun mutasiyaya uğraması üçün hansısa heyvandan insan keçməsi lazım gəlmir. Viruslar insandan insana yoluxduqda daha çox mutasiyaya uğrayır. 

"Omikron"la bağlı hazırda 3 fərziyyə var:  insandan başqa bir heyvana keçib, heyvanlar arasında yayılıb, təkrar insana keçib; virus insanlar arasında uzun müddətdir yayılmaqda və çoxalmaqdadır; immuniteti zəif insanlar – xərçəng,  ya da AİDS xəstələrində bu virusa rastlana bilər. Virusu nəzarətdə saxlamaq çətin olduğundan yayılır və insandan insana keçərək mutasiyaya uğrayır.

  Peyvəndlərin  qoruyuculuğuna gəlincə, Ə.Ağacfidan deyib ki, məsələn, “Pfizer” peyvəndinin qoruyuculuğunun üstün olduğu bildirilir, lakin virus mutasiyaya uğradıqda daxilindəki proteində dəyişiklik baş verir, deməli, peyvəndlərdə də dəyişiklik edilməlidir ki, qoruyuculuq effekti yeni varianta uyğun olsun.