Proqnozların heç biri özünü doğrultmayıb


Pediatr Vaqif Qarayev pandemiyanın gələn il bitəcəyinə inanmır

Koronavirus pandemiyası gələn il başa çata bilər. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunun üçün ilin ortalarına qədər əhalinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır. ÜST rəhbəri deyib ki, “pandemiyanın gələn il bitməsini istəyiriksə, gələn ilin ortalarına qədər bərabərsizliyə son qoymalı və hər bir ölkə əhalisinin 70 faizini peyvənd etməliyik". 

Pandemiyanın bitəcəyi tarixlə bağlı ÜST rəhbərinin açıqlamasını “Şərq”ə şərh edən pediatr Vaqif Qarayev bu səpkili açıqlamaların  indiyədək çox eşidildiyini dedi: 

- 2 ildir proqnoz verilir. Bu proqnozların heç biri özünü doğrultmayıb. Kim nə deyir, desin, mən inanmıram. “Omicron” variantı ilə bağlı isə narahatlıq doğuran hal budur ki, xəstəliyin gedişatındakı fərqlilik yox, peyvəndlərin təsirsiz olduğu daha çox vurğulanır. Bu da açığı, inamsızlıq yaradır. Çin bütün əhalisini CinoVac-la peyvəndləyir. Heç bir təhlükəli gedişat da yoxdur orda.

  Peyvənd kömək etmirsə, onlara da etməsin. Mən peyvəndin tərəfdarıyam, istəyirəm hamı peyvənd olunsun.