Maraqlı araşdırma... - Evli insanlar ürək xəstəliyinə tutulmur

Subay insanların ürək-damar xəstəliklərinə tutulma və bu xəstəlikdən ölüm riski evli olanlara nisbətən 52 faiz daha artıqdır

 ABŞ-da aparılmış bir araşdırma maraqlı mənzərə ortaya çıxarıb. Məlum olub ki, subay insanların ürək-damar xəstəliklərinə tutulma və bu xəstəlikdən ölüm riski evli olanlara nisbətən 52 faiz daha artıqdır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə kordioloq, dosent doktor Yiğit Çanga məlumat verib. Y.Çanga qeyd edib ki, araşdırma evli olmaq, ailə içində yaşamağın ürək sağlamlığına təsirini öyrənmək  məqsədi ilə aparılıb. Ürək-damar xəstəliyi diaqnozu qoyulmuş və ya ürək xəstəlikləri səbəbiylə yüksək risk altında olan, yaşı 63 olan 6 min 51 nəfər 4 il müşahidə altında saxlanılıb. 

4 illik araşdırmanın nəticəsində məlum olub ki, subay insanlar – heç evlənməmiş və ya boşanmış, həyat yoldaşını itirmiş şəxslər (3 min 256 nəfər) ürək-damar xəstəliklərinə daha çox tutulur və ölüm riski daha yüksəkdir. Tədqiqatda cinsiyyət fərqi də görünməyib. Subay kişilərlə qadınlar eyni dərəcədə risk altındadır. 

Y.Çanga boşanmış şəxslər haqqında bunları söyləyib: “Boşanmaq, insanların həyatında mənəvi, həm də maliyyə stresinə səbəb olan önəmli dəyişiklikdir. 

Heç evlənməmiş insanlarla müqayisədə boşanmış olanlar daha artıq risk altındadır. Boşanmış insanların yaşadığı stres ürək-damar sisteminə mənfi təsir edir və xəstəlik riski artır. Boşandıqdan sonra təkrar evlənmək isə bu riski azalda bilər. 

Evli olanlar subaylara nisbətən daha rahat, düzgün  həyat tərzi keçirir. Subay insanların həyatı isə sosial dəstək əskikliyi ilə müşayiət olunur. Bu da qeyri-sağlam həyat tərzinə gətirib çıxarır. Xəstəliklər də buradan qaynaqlanır.