"Əslində siqaret çəkənlər koronavirusa daha tez yoluxur və xəstəliyi ağır keçirir"  - İnfeksionist   

Son zamanlar  cəmiyyətdə siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı fikirlər səsləndirilir. Bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.

İnfeksionist  - hepatoloq Mərdan Əliyev  mövzu haqqında “Sherg.az”a danışıb. O bildirib ki, tibbdə belə bir şey mümkün deyil:

“Bu əsası olmayan söhbətdir. Mövzu koronavirus yeni çıxanda da gündəm idi.  Sonralar həkimlər tərəfindən əsaslandırıldı ki, düzgün fikir deyil. Çünki statistik məlumatlar bunu təsdiq etmir. Bunun təsdiqi üçün müəyyən araşdırmalar aparılmalıdır. Araşdırmada siqaret çəkənlər və çəkməyənlər arasında yoluxma faizi göstərilməlidir. Amma belə məlumatlar öz əksini tapmadı. Təbii ki, belə bir şey mümkün deyil. Yəni nikotinin belə bir gücü yoxdur”.

İnfeksionist  siqaret çəkən şəxslərin bu xəstəliyə daha da tez yoluxduğunu vurğulayıb:

“Siqaret çəkənlər arasında əksinə, müəyyən ağciyər xəstəliklərinə və xroniki bronxitlərə rast gəlinir. Hətta ağciyər xərçəngi bu şəxslər arasında daha geniş yayılıb. Çünki siqaretin tərkibində olan tüstü, qətran və xüsusi maddələr ağciyərə təsir göstərir. Bütün bunlardan sonra ağciyər faktiki olaraq zəifləyir, bakteriyalara qarşı müqavimətini zəiflədir. Bu da insanın əksinə həm qripiə , həm də koronavirusa daha tez yoluxmasına və ağır keçirməsinə səbəb olur”.

 Çimnaz Şahlar