“Omicron” dünyada sürətlə yayılır


Professor yeni ştammın əlamətlərini açıqladı

“Omicron” ştammının əlamətləri açıqlanıb. BBC (Türkcə) xəbər verir ki, “Omicron” ştammı sürətlə yayılsa da, virusun zəif simptomları insanların onu qrip və soyuqdəymə ilə səhv salmalarına səbəb olur. Bu isə yeni ştamma yoluxma sayının artmasına gətirib çıxarır. Xüsusən də peyvənd vurdurmamış və risk qrupuna aid insan üçün təhlükə realdır. King-s College London Epidemiologiya  bölümünün  “ZOE” Covid Araşdırmaları İnstitutunun başqanı, professor Tim Spector BBC-yə, açıqlamasında “Omicron”un “Delta” variantını yüngül keçirmiş insanlarda müşahidə edilən əlamətlərlə eyni olduğunu söyləyib. Alim “Omicron”un indiyədək qeydə alınmış 5 əlamətinə diqqət çəkib. Bunlar, burun axması, baş ağrısı, yorğunluq, asqırmaq və boğaz ağrısıdır. Bu əlamətlər peyvənd olunmuş və ya hansısa şəkildə immunitet qazanmış şəxslərdə müşahidə edilir. “Omicron”un peyvənd vurdurmamış və ya immuniteti zəif şəxslərə hansı dərəcədə təsir edə biləcəyi barədə isə dəqiq qənaət yoxdur. T.Spector bildirib ki, “Omicron”u bildiyimiz soyuqdəymə əlamətləri ilə keçirənlərin virusa yaxalandıqlarını fərq etmələri çətin olur. Əslində isə soyuqdəymə əlamətləri daşıyan insanların "Covid-19"-a yoluxmuş olmaları ehtimalı daha yüksəkdir. Belə vəziyyətdə ən doğru seçim testdən keçməkdir. "Covid-19"-a yoluxmada öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi əlamətləri var. Lakin son zamanlarda yoluxmaya məruz qalmış şəxslərdə artıq bu əlamətlərə rast gəlinmir. Hansı əlamətlərə ciddi yanaşılmalıdır? Alim qeyd edir ki, davamlı öskürək, yüksək hərarət, iy və dadbilmənin itməsi virusa yoluxmanı göstərir. Bədənin temperaturu 37.8-dən yüksəkdirsə, artıq bu, hərarətin olması deməkdir. Məlumdur ki, bədənin hərarəti orqanizm hər hansı infeksiya ilə mübarizə apararkən üzə çıxır. Əgər əlinizin altında hərarət ölçən yoxdursa, sinədə və kürəkdə istilik hiss edib-etmədiyinizə diqqət edin. Soyuqdəymə zamanı, adətən hərarət yüksəlmir, qızdırma olmur. Qızdırma bəlli virusa yoluxma əlamətidir. Koronaviruslu xəstələrdə öskürək uzunmüddətli olur, 1 saatdan çox davam edir. Eyni anda hərarət, öskürək, dad və iybilmənin itməsi əlamətləri yoxdursa, asqırmaq "Covid-19" əlaməti sayılmaz. O cümlədən burun axması da "Covid-19" əlaməti deyil. Bəzi Covid xəstələrində burun tutulması müşahidə edilir. T.Spector “Omicron”un bağırsaq infeksiyalarına yol açdığını da deyib. “Omicron” yoluxmanın 5-ci günündə özünü göstərir. Nəfəs darlığı isə daha ciddi bir infeksiyaya yoluxmanın əlaməti ola bilər.