Əhali etinasızdır

Ev heyvanları da peyvəndlənməli və onlara çip vurulmalıdır

Yaxşı olar ki, bu dövlət səviyyəsində xüsusi proqram çərçivəsində icra edilsin

   2021-ci il 15 dekabr-2022-ci il 19 yanvar tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 16044 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. AQTA-dan verilən məlumata görə, identikləşdirilən heyvanlardan 3972-si Bakı şəhəri, 10473-ü Abşeron rayonu və 1599-u isə Sumqayıt şəhərinin payına düşür. Qeyd edilir ki, ölkədə yaradılmış Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem "fermadan süfrəyədək" prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir. 
Belə məlum olur ki, identifikasiya iribuynuzlu heyvanlara aiddir. Bəs eyni sistem digər ev heyvanlarına – toyuq-cücə, pişik və itlərə də şamil edilə bilərmi?

Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, ev heyvanlarının peyvəndlənməsi çox vacibdir:

- Son illərdə “quş qripi”, “donuz qripi” kimi yoluxucu xəstəliklər geniş yayılıb. Belə məlumatlara tez-tez rast gəlinir ki, hansısa ev təsərrüfatında toyuq-cücə qırılır. Bu, hansısa xəstəliyə yoluxma nəticəsində baş verir. Əlbəttə, yaxşı olar ki, təsərrüfatlarda quş cinsindən olan heyvanlar da peyvəndlənsin. Düzdür, insanlar bunu özləri edir, baytardan müəyyən peyvəndlər alır və heyvanlara vururlar. Lakin yaxşı olar ki, bu işlər dövlət səviyyəsində, vaxtlı-vaxtında həyata keçirilsin. Eləcə də həyətdə, evdə saxlanılan itlər və pişiklər də mütləq peyvəndlənməlidir. Bir neçə il əvvəl bizim birlik regionlarda bununla bağlı maarifləndirici proqram həyata keçirdi. Görürdük ki, bir çoxları peyvənd barədə ümumiyyətlə məlumatlı deyil, onlara qəribə gəlirdi ki, necə yəni, itə peyvənd vurulmalıdır?! Halbuki bu itlər həyətdə, bağ sahəsində saxlanılır, ev sakinləri ilə təmasda olurlar. Lap elə çoban itlərini götürək. Onlar da insanlarla təmasdadır. Quduzluq xəstəliyi ola bilər, başqa digər xəstəliklər.  Ev heyvanları – itlər və pişiklər üçün xüsusi peyvənd cədvəli var. Ev heyvanları kompleks preparatlar vasitəsilə infeksion xəstəliklərə qarşı (taun, parvovirus enteriti, paraqrip, leptospiroz, infeksion hepatit, quduzluq və koronavirus enterit) peyvənd olunmalıdır. İlkin mərhələdə edilən peyvəndlər it və pişiklərin infeksion xəstəliklərə qarşı dözümlülüyünü artırır. Peyvənd vurdurmağın da qaydası var. Peyvənddən 10 gün əvvəl heyvana qurd əleyhinə dərman verilməlidir. Əks halda vaksin təsirli olmur. Məsələn, itlərə 1.5 ayında enterit (hepatit) əleyhinə, 10-14 gündən sonra təkrar peyvənd, 2.5 ayında taun əleyhinə, 7 aylığında taun əleyhinə təkrar peyvənd, 8 aylığında quduzluq əleyhinə peyvənd vurulmalıdır. İtlərin 1 yaşı tamam olduqda bütün peyvəndlər yenidən tam qaydada təkrar olunur. Sonradan il ərzində heyvanların yenidən peyvəndlənməsi həyata keçirilməsi vacibdir. Xüsusilə yaz aylarında bütün infeksion xəstəliklərin artdığı dövr hesab edilir. Ona görə də lazımi peyvəndlər vaxtlı-vaxtında vurulmalıdır. Heç olmasa, ildə bir dəfə heyvana peyvənd vurulmalıdır. Amma bunu mütləq ixtisaslı baytar həkimlər yerinə yetirməlidir. Çünki peyvəndlər heyvanın çəkisinə və yaşa görə müəyyən edilir. Peyvənd dozasının düzgün təyin edilməməsi, dozanın aşılması heyvanın ölümüylə nəticələnə bilər. İtlərə və pişiklərə hansı peyvəndlərin vurulmasını baytar həkimlə məsləhətləşmək lazımdır.

L.Əlizadə qeyd etdi ki, təsərrüfatlardakı iribuynuzlu heyvanların identikləşdirilməsi müsbət hadır, lakin ev heyvanları da yaddan çıxmamalıdır: 

- Son illərdə “İDEA” tərəfindən vacib işlər görülür. Sahibsiz itlərin, pişiklərin nəzarətə alınması prosesi aparılır. Küçələrdə birkalı itlər, pişiklər görürük. Lakin yaxşı olardı ki, ölkəmizdə də elektron çipləşdirmə həyata keçirilsin. Elektron çiplər sayəsində ev heyvanları barədə istənilən zaman məlumat əldə etmək mümkün olur. Yaxşı olardı ki, ev heyvanlarının peyvəndlənməsi və çip vurulması dövlət səviyyəsində  xüsusi proqram çərçivəsində icra edilsin. Çünki əhali çox zaman belə məsələlərə etinasız yanaşır. Ev heyvanının hansısa təhlükə daşıya biləcəyinə inanmırlar. Halbuki bu cür hadisələrin təəssüf ki, şahidi oluruq. Xüsusən hazırkı yoluxucu xəstəliklər, müxtəlif virusların yayıldığı bir vaxtda ev heyvanlarına diqqət də artırılmalıdır.