Yeni ştamm ağ ciyərləri zədələmir

"Ölənlərin əksəriyyəti "Omicron" yox, COVID xəstələridir

Şahvələd Məmmədov: "Ümumilikdə karantin qaydalarının getdikcə yumşaldılması müsbət irəliləyişdən xəbər verir"

   COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət" olan şəxslərə, onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, "Omicron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur: 

"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni, sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırır". 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun yanvarın 22-də imzaladığı qərara uyğun olaraq Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydaları dəyişib. Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq. Qərarla “Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi", bəndi isə ləğv edilib. 

Yeni qaydaları “Şərq”ə şərh edən Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, Baş nazir tərəfindən imzalanmış qərar "Covid-19" və onun ştamları ilə bağlı ümumən dünyada müşahidə edilən müsbət tendensiyadan irəli gəlir: 

- Bütün dünyada karantin qaydaları, qadağalarda artıq yumşalmalara gedilir. Əlbəttə ki, bunun əsas səbəbi peyvəndlənmə və kütləvi immunitetin yaranmasıdır. Bu müsbət tendensiya nəzərə alınaraq virusa yoluxmuş şəxslərin karantin müddəti 14-dən 7 günə endirilib. Amma müstəsna hallar da var. Bu da xəstəliyin gedişatından asılıdır. Ola bilər ki, xəstədə halsızlıq davam etsin, xəstə tam sağalmamış olsun, bu zaman həkimin göstərişi ilə karantin müddəti artırıla bilər. Və xəstəyə əlavə bir 7 gün də karantində qalmaq məsləhət göstərişi verilər. Buna mütləq həkim qərar verməlidir. Ümumilikdə karantin qaydalarının getdikcə yumşaldılması müsbət irəliləyişdən xəbər verir.  

Ş.Məmmədov qeyd etdi ki, koronavirusun “Omicron” ştammı ağır fəsadlar törətmir:

- COVİD-19-dan və “Delta” ştammından fərqli olaraq “Omicron” ştammı ağ ciyərləri zədələmir. Yuxarı tənəffüs yollarından ağ ciyərlərə nüfuz etmir. Yoluxmuş şəxs pnevmoniyaya məruz qalmır. COVİD-19-a yoluxmada ən təhlükəlisi məhz ağ ciyərlərin pnevmoniyası idi. İnsan tələfatına da çox zaman məhz bu amil səbəb olurdu. Azərbaycanda şükürlər olsun ki, ölüm halları da azdır. Amma bunu da deyim ki, hazırda vəfat edənlərin demək olar əksəriyyəti COVİD xəstələridir, “Omicron” ştammına yoluxanlar deyil. 

Həkim bildirdi ki, “Omicron” ştammının əsas əlamətləri halsızlıq, şiddətli baş ağrıları və həmçinin depressiv vəziyyətdir:

- “Omicron” ştammına yoluxanlarda yüksək temperatur olmur. Əsasən baş ağrısı, halsızlıq və bir də psixo-nevroloji durumda dəyişiklik müşahidə edilir. “Omicron”a yoluxanların depressiv duruma düşməsi çox müşahidə edilir. Qorunma qaydaları da məlumdur, çalışaq, yoluxmayaq, yoluxdurmayaq.