"Limitli şəkildə" qarşılanma nə deməkdir?"

Adil Qeybulla: "Orqan transplantasiyasında ən vacib məsələ donor bankının yaradılmasıdır"

"İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər. Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir"

   Cari ildən orqan transplantasiyasının limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir.  Qeyd edək ki, Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minib.
Orqan transplantasiyasının icbari tibbi sığorta çərçivəsində qarşılanacağı orqan transplantasiyası gərəkən vətəndaşlara hansısa üstünlüklər qazandıracaqmı?

Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında bu məsələnin həlli üçün ciddi işlərin görülməli olduğunu vurğuladı:   

- Bizdə statistikaya meyillilik güclüdür. Statistik rəqəmlər açıqlanır, amma işin mahiyyəti qaranlıq qalır. Birincisi, orqan transplantasiyasının “limitli şəkildə” qarşılanması nə deməkdir? Burada söhbət qiymətlərdən gedir, yoxsa həyata keçiriləcək əməliyyatların sayından? Bu, izah edilməlidir. İnsanlara düzgün, açıq şəkildə başa salınmalıdır ki, limitli qarşılanma dedikdə nə nəzərdə tutulur. Bəs donor məsələsi necə olacaq? Orqan transplantasiyasında ən vacib məsələlərdən biri donor bankının yaradılmasıdır. Bu, çox çətin işdir. Azərbaycanda yalnız doğmalar, ailə üzvləri, yaxın qohumların donorluğuna icazə verilir. Və bunun da cinayətkarlığın, orqan oğurluğunun, orqan satışının qarşısının alınması məqsədilə edildiyi bildirilir.  Qohumların, ailə üzvlərinin günahı nədir? Niyə yalnız onlar donor kimi çıxış etməlidir? Normal halda orqan transplantasiyası üçün mütləq Donor Bankı yaradılmalıdır. Bunun üçün sağlam şəxslərdən, hansı ki kliniki ölüm, beyin ölümü keçirir, məhz tibbi ekspertizanın rəyi və qərarı ilə, ailə üzvlərinin də razılığı alındıqdan sonra sağlam orqanlar götürülməli və orqan köçürülməsi üçün növbə gözləyən xəstələrə köçürülməlidir. Hazırda bizdə bu proses həyata keçirilir? Vəfat etmiş şəxsin doğmaları meyitin tibbi müayinəsinə, ölümün nədən baş verdiyinin araşdırılması üçün cəsədin müayinə edilməsinə heç razılıq vermirlər. Burada həm də psixoloji məqamlar var. İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər. Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir. Qardaş Türkiyədə orqan nəqli ilə bağlı “Yol xəritəsi” var. Bunu öyrənsinlər, necə tətbiq edildiyinə baxsınlar. Elə iş görmək lazımdır ki, vətəndaşın xeyrinə olsun.