Gənclərin evdə təhlükəli estetik əməliyyatları...


Həkimlər xəbərdarlıq edir: geri dönüşü yoxdur 

   Gənclər arasında evdə estetik əməliyyat etdirmək təhlükəli hal alıb. Bəzisi dodaqlarının plastik şüşələr, şüşə stəkanlarla vacuum effekti yaradıb dodaqlarını botoks etdirmiş kimi böyüdür, bəzisi də üst dodağına yapışdırıcı vasitəsilə “fransız dodağı” şəkli verir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, həkimlər bu cür özfəaliyyətin ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir. Təhlükə var. Təhlükəni artıran həm də gənclərin ev şəraitində etdikləri ağlasığmaz “əməliyyatları videoya çəkib paylaşmalarıdır. Türkiyənin Şişli Hamidiyə Tədris və Araşdırma Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssisi, doktor Perçin Caşkan bu barədə danışaraq qeyd edib ki, bu cür özbaşına əməliyyatların nəticəsi çox ağır olur: “Dodaqlar dar şüşə ağzı ilə sıxıldığı zaman 24-72 saat ərzində orada şiş əmələ gəlir, 72 saat ərzində şişin aradan qaldırılması gerçəkləşməzsə, bütün damarların girişi qapanır, dodaqların ətrafında qan dövranı bir damara bağlı olduğundan bu bir damarın qapanmasıyla ətrafdakı bütün damarlarda da tıxanma əmələ gələcək. Hazırda gənclər arasında yayılmış bu axın çox təhlükəlidir. Nekroza (toxuma və hüceyrələrin ölümü) səbəb ola bilər. Çünki həmin hissəyə qanın axını dayanır. Bəzi gənclər güzgü önünə keçir və qaşıqla burnunu sıxaraq necə “incəltdiyini”, çənə altını deformasiyaya uğratdıqlarını nümayiş etdirir. Bu cür yanlış davranışlar hər keçən gün artır. Halbuki, gənclərin bu davranışları orqanizmə ciddi ziyan vurur. Toxumalara ziyan vuran hər cür əməliyyat zərərli və təhlükəlidir”. P.Caşkan deyib ki, bu cür davranışlar xüsusən mobil telefonlarda “zoom” proqramı vasitəsilə üz cizgilərinin dəyişilməsi sonrası çoxalıb. “Zoom” proqramında özünü “gözəlləşdirən”lər real həyatda da o cür olmağa can atır, həvəslənir və zərərli əməliyyatlara meyl edirlər: “Evdə “botox” etdirməyin, canınızdan olarsınız. Burnunuzu “sivri” şəklə salmayın, nəfəs ala bilməyəcəksiniz”. P.Caşkan bu cür əməliyyatların yalnız mütəxəssislərin rəyi ilə həyata keçirilə biləcəyini söyləyib.