Pandemiyaya qalib gəlməyin yolu var

Dövlət və cəmiyyət əl-ələ verib birgə çalışmalı, məsuliyyətli olmalıdır

"Yerli-yersiz karantin qaydalarını pozurlar. Lakin yaşadığı ünvanı tərk edən xəstənin bunu hansı səbəbdən etdiyi
 müəyyənləşməlidir. Əgər onun yardıma ehtiyacı varsa, yerli orqanlar ehtiyacları qarşılamalıdır"

İctimai və dövlət maraqlarının müdafiəsi


Ölkədə “Omicron” ştammına yoluxma sayında artım davam edir. Ötən günün statistikasında sutkalıq yoluxma sayının 6 mini ötdüyü bildirilirdi. Azərbaycan dövləti vətəndaşların sağlamlığına yaranan təhlükəni minimuma endirmək üçün 2 il əvvəl olduğu kimi yenə də zəruri addımları atır. Azərbaycan ictimaiyyəti pandemiya şəraitində hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin şahidi oldu. 

Yoluxma, xəstə və ölüm sayından asılı olaraq karantin qaydalarının sərtləşdirildiyi zamanlar da oldu, yumşaldıldığı zamanlar da. Ən əsası isə vətəndaşlara müraciətdə karantin qaydalarına əməl etməklə məsuliyyətli davranmaq tövsiyə edilirdi.  Dövlət pandemiyanın ağırlığını öz üzərinə götürmüşdü, lakin vətəndaşlardan da dövlətə dəstək olmaq tələb edilirdi. Yoluxma sayının artması, insan itkisi, resurslar itkisi deməkdir. Hər birimiz yoluxmaya şərait yaratmamaqla həm dövlətə dəstək vermiş oluruq, həm də sağlamlığımızın qayğısına qalırıq. Lakin pandemiyanın davam etdiyi dövrdə bəzən ictimai məsuliyyətsizliklər də müşahidə edilirdi. Karantin qaydalarını pozan ictimai iaşə müəssisələri, idarə və təşkilatlar  qanun çərçivəsində cəzalanırdı. Oxşar hallar indi də baş verir. Baxmayaraq ki, artıq 3-cü ildir pandemiya şəraitindəyik. 

Hazırda isə  "Covid-19"-un daha sürətli yoluxma variantı müşahidə edilir. Bununla belə, yenə də karantin qaydalarının pozulması halları baş verir. Test cavabları müsbət çıxmış və evdə müalicə təyin edilmiş ayrı-ayrı şəxslərin qaydaları pozması barədə məlumatlar yayılır. Bu günlərdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, rayon sakinlərindən birinin  COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb. Sabirabad rayonunda da yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bu fakt aşkarlanıb. Həmin şəxsin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Digər tədbirlər də həyata keçirilir. 

Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Şərq"ə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı iri marketlərdə, eləcə də digər qapalı obyektlərdə bəzi alıcı və satıcıların tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

 Sanitar-gigiyenik normaların pozulmasına şərait yaradan sahibkarlara ciddi xəbərdarlıq edilib. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən olunub. Tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ümumilikdə keçirilən reydlər zamanı karantin rejiminin qaydalarına riayət etməyən 18 nəfər inzibati məsuliyyətə cəlb olunub.

İctimai yerlərdə aşkarlanan  aktiv koronavirus xəstələri karantin qaydalarını pozmalarını bəzən başqa çıxış yolunun olmadığı ilə izah edirlər. Xəstələr bildirir ki, onlara evdə müalicə təyin olunsa da, dərman preparatlarını, həmçinin ərzaq, gündəlik tələbat mallarını almaq üçün evdən çıxmaq məcburiyyətində qalırlar. Bir tərəfdən baxanda, bu insanları çox qınamaq da olmur. Tək yaşayan, yaxud doğmaları, ailə üzvləri başqa şəhərdə, bölgədə yaşayan insanlar, həqiqətən də dərman, ya da gündəlik ərzaq ehtiyaclarını ödəmək üçün nə etməlidir? Qeyd edək ki, pandemiyanın başlanğıcında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən köməksiz, ahıl insanlara yardım edilirdi, tələbatları ödənirdi. Könüllü dəstələr də yaradılmışdı və onlar yardıma ehtiyacı olanların köməyinə çatırdı. Etiraf edək ki, sadəcə darıxdığı, uzun müddət mənzildə qapalı qalmaq istəməyib, yaxud sırf məsuliyyətsizlikdən karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edənlər də var. Amma ehtiyac yarandığı üçün evdən çıxanlar da az deyil. Nə dövlətə, nə də vətəndaşa ziyan dəyməsin deyə bu kimi halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? 

Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı  “Şərq”ə açıqlamasında qeyd etdi ki, test nəticələri müsbət çıxmış vətəndaşlara yaşadığı ünvanı tərk etməmək barədə göstəriş doğrudur. Yoluxmuş insan əgər aptekə, marketə daxil olursa, parkda kiminləsə qarşılaşıb ünsiyyət yaradırsa, bir neçə dəqiqə ərzində daha bir neçə nəfəri yoluxdura bilər. Lakin xəstələri evə qapayırıqsa, onların təminatını da həyata keçirməliyik: 


- Karantin qaydalarına vətəndaşlar əməl etməlidir. Bu, birmənalıdır. Vətəndaş ilk növbədə özü məsuliyyət daşımalıdır, anlamalıdır ki, karantin qaydalarını pozmaqla başqalarını, o cümlədən ailə üzvlərini də təhlükəyə atır. Pandemiyada ən əsas şərt təcriddir. Lakin hər bir insanın gündəlik ehtiyacları var. Xüsusilə xəstələrin dərman preparatlarına ehtiyacı var. Bunu diqqətdən qaçırmamalıyıq ki, evdə xəstəyə kömək edə biləcək, onun bazarlığını edə biləcək insan olmaya da bilər. Bu kimi halları nəzərə alaraq dövlət resursları daha ciddi, əhatəli işləməlidir. Sosial xidmət əməkdaşları ərazilərə təhkim edilməlidir. Xəstənin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə icra hakimiyyətlərinin müvafiq orqanları, bələdiyyələr bu insanlarla əlaqə saxlamalı, onların ehtiyaclarını öyrənməlidirlər. Əlbəttə, məsuliyyətsiz davranan vətəndaşlar da var. Yerli-yersiz karantin qaydalarını pozurlar. Lakin yaşadığı ünvanı tərk edən xəstənin bunu hansı səbəbdən etdiyi müəyyənləşməlidir. Əgər onun yardıma ehtiyacı varsa, yerli orqanlar ehtiyacları qarşılamalıdır. Bu yolla biz pandemiyaya qalib gələ bilərik.