Rasif Bağırov: "Xəstələrimiz də narazı deyillər"
Deputat Rüfət Quliyev Milli Məclisdə keçirilən son iclasda bildirib ki, satışda vaxtı keçmiş qida məhsulları, dərmanlar var:
"Hazırda bizim üçün ən vacib məsələ iqtisadi artım, inflyasiya ilə mübarizə və sosial problemlərin tezliklə həll olunmasıdır. Bu gün ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsulları satılır. Aidiyyəti qurum məsələ üzərində işləyir. Amma dövlət bunu yüksək səviyyədə diqqətdə saxlamalıdır. Bundan başqa, ölkəmizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi təftişə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır".
Terapevt, tibbi ekspert Rasif Bağırov "Şərq"ə açıqlamasında bildirib ki, vaxtı keçmiş qida məhsullarının qida sektorlarında, mağazalarda satılması hallarına bəzən rast gəlinir:
"Təbii ki, bu istiqamətdə ciddi nəzarət olsa, belə vəziyyətlə qarşılaşmarıq. Təftiş üçün kifayət qədər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibində qida məhsullarına nəzarət şöbələri kimi təşkilatlar var.
Amma buna baxmayaraq onlar istənilən səviyyədə fəaliyyət göstərə bilmirlər. Belə olduğu halda qida məhsullarının vaxtı keçir.
Lakin faydalılıq müddəti keçmiş dərmanların satışına təsadüf etməmişəm. Çünki hazırda dərman məhsullarının istifadə müddətini keçməyinə 6 ay qalmış apteklər məhsulları qəbul etmirlər, qaytarırlar.
Bir həkim kimi, nə xəstələrimizin aldığı dərmanların içərisində, nə də apteklərdə apardığımız müşahidələr zamanı vaxtı keçmiş dərmanların satışı hallarını hələ aşkar etməmişik".