Meymunçiçəyi Azərbaycana da ayaq aça bilərmi? – Nə etməli?

“Türkiyədə Avropadan gələnlər arasında 1 meymunçiçəyi halı aşkar olunub”

“Qardaş ölkədə bu hallar artarsa, bizə gəlmə ehtimalı yaranır”

“Dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir”

Bütün dünyanı qorxuya salan meymunçiçəyi xəstəliyinə gün keçdikcə yeni ölkələrdə rast gəlinir. Bu il Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib. 

Qeyd edək ki, İspaniyada 23 nəfərdə meymunçiçəyi xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada 15 şübhəli hadisənin araşdırıldığı qeyd edilib. Böyük Britaniyada da iki yeni meymunçiçəyi xəstəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib.

Ölkəmizdə hələ ki, heç bir yoluxma halı qeydə alınmasa da insanlarda təşviş duyulur.

İnfeksionist-hepatoloq Mərdan Əliyev sözügedən xəstəliyin Azərbayacana gəlmə ehtimalından danışıb. 
O, "Sherg.az”a açıqlaması zamanı bildirib ki, xəstəliyin Azərbayacana gəlmək ehtimalı təbii ki, var:

“Ehtimalın olmadığını deyə bilmərik. Amma bu ehtimal azdır. Çünki Azərbayacan çox böyük bir ölkə deyil. Həm də nəzərə alsaq ki, bu koronavirus kimi çox sürətli yoluxma qabiliyyətinə də malik deyil. Ona görə də bu xəstəlik epidemik səviyyədə deyil. 

Bizim qonşu ölkələrlə çox gediş-gəlişimiz var. Əgər qonşu ölkələrdə rast gəlinərsə, bizə də gəlmə ehtimalı var. Türkiyədə Avropadan gələnlər arasında 1 meymunçiçəyi halı aşkar olunub. Türkiyədə bu hallar artarsa, bizə gəlmə ehtimalı yaranır.  Lakin xəstəliyin Türkiyədə artma ehtimalı da çox deyil”.

Mərdan Əliyev sonda qeyd edib ki, dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir. Onun  sözlərinə görə, ökəyə daxil olan şəxslər bu xəstəliyə görə müayinə olunmalıdır, daha sonra ölkəyə buraxılmalıdır.