“Onkoloji xəstələr icbari tibbi sığortanın predmeti olmalıdır”

Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta ilə bağlı bir sıra problemin olduğunu bildirib.Oxu.Az-ın məlumatına əsasən, deputat deyib ki, klinikalarda olan müasir tibbi avadanlıqlar sıradan çıxıb.Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib.“Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir”, - deyə komitə sədri əlavə edib.

Deputatın təklifini “Sherg.az”a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, onkoloji xəstəliklər icbari tibbi sığorta tətbiq olunana qədər konkret bir paketdə idi:

“Yəni, bu xəstələr dövlət proqramı ilə müalicə olunurdular. İcbari tibbi sığortanın tətbiqi o deməkdir ki, dövlət proqramına daxil olan bütün o paketlərin hamısı birbaşa icbari tibbi sığortanın predmeti olmalıdır. Yəni, onkoloji xəstələr isənilən halda icbari tibbi sığortanın predmeti olmalıdır. Bunun başqa alternativi yoxdur. Ana və uşaqların müalicəsi, vərəmli xəstələr, şəkərli xəstələr əvvəllər dövlət proqramı ilə müalicə olunurdurlar. Amma indi icbari tibbi sığorta paketinə birbaşa daxil edilməldir”.