Bu şəxslər meymunçiçəyinə yoluxmayacaqlar - AÇIQLAMA

Hazırda dünyada yayılmaqda olan meymunçiçəyi virusu insanlarda narahatlıq yaradır. Xüsusilə, Avropa ölkələrində rast gəlinən virusun yenidən pandemiyaya səbəb olacağına dair müxtəlif fikirlər səsləndirilir. ÜST-nin baş direktoru doktor Tedros Adhanom Ghebreyesus dünən mətbuata verdiyi açıqlamada meymunçiçəyinin dünyada 550 yoluxmanın qeydə alındığını deyib:

“Araşdırmalar davam edir, lakin virusun bir çox ölkədə qeydə alınması, aşkar edilməmiş yayılma mənasını verir. Yoluxma sayı daha da arta bilər. ÜST-ə üzv ölkələr meymunçiçəyinə yoluxma riski yüksək olan qruplara dəqiq məlumat verməli, risk qrupları arasında virusun yayılmasının qarşısını almaq, bu sahədə çalışan tibb işçilərini virusa qarşı qorumaq üçün atılan addımları paylaşmalıdılar”.

Həkim-reanimatoloq Emin Qasımov isə “Sherg.az”a açıqlamasında bildirib  ki, meymunçiçəyinin pandemiya halını alacağına inanmır:

“Dünyada da mütəxəssislər bu cür düşünürlər. Çünki bu virusun yoluxdurucu qabiliyyəti yüksək deyil. Sadəcə dünyada hər kəs koronavirus səbəbi ilə həssaslaşıb. Hər yeni çıxan xəstəliyə hiperhəssaslıq müşahidə olunur. Lakin faktlar göstərir ki, meymunçiçəyi çox yoluxdurucu xəstəlik deyil. Hava-damcı yolu ilə keçmir. Xəstəlik Azərbaycana gəlsə belə, kütləvi yayılacağını proqnozlaşdırmıram”.

Emin Qasımovun sözlərinə görə, çiçək peyvəndi olunmuş insanların yoluxma riski daha aşağıdır:

“Bilirsiniz ki, bu çiçək virusudur, çiçək xəstəliyinin bir formasıdır. 1980-ci ilə qədər doğulan insanlara bu peyvənd vurulub. Bu şəxslərdə meymunçiçəyinə qarşı immunitet var. Onların bu xəstəliyə ciddi  şəkildə yoluxacağı gözlənilmir. 80-ci ildən sonrakı təbəqə risk qrupundandır və yoluxa bilərlər. Lakin bu xəstəliyin kütləvi yayılacağını düşünmürəm”   .